ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
“Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü bir çox baxımdan diqqət çəkdi. Xüsusi ilə Azərbaycanın tamhüquqlu üzv seçilməsi tarixi bir hadisədir. Aydın məsələdir ki, bu qərar, sadəcə bir təşkilati jest deyil. Ümumiyyətlə, Mərkəzi Asiyanın strateji baxışı dəyişir. Azərbaycanın isə bu baxışın mühüm elementi kimi qəbul edildiyi açıq şəkildə görünür. Son illərdə Mərkəzi Asiya dövlətlərinin öz aralarında əməkdaşlığı, təmasları genişləndirdiyi aydın şəkildə görülür. Təəssüf ki, müstəqilliyin ilk illərində SSRİ-dən qalan problemlərə görə bu ölkələr bir araya gələ bilmirdi. Lakin ildən-ilə başda sərhəd problemləri olmala bir çox problem həll edildi. Bu gün açıq şəkildə deyə bilərik ki, region ölkələri arasında ciddi problemlər daha yoxdur. Əksinə, region ölkələri iqtisadi-siyasi koordinasiya içərisindədir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.
T.Rzayev bildirib ki, Azərbaycanın Məşvərət formatına daxil edilməsi məhz indiki məqamda xüsusi məna kəsb edir: “Çünki Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan artıq sadəcə qonşu regionun ölkəsi deyil. Azərbaycan qərb ölkələri ilə yüksək münasibətlərə sahibdir. Xüsusi ilə son zamanlar ABŞ ilə təmaslar intensivləşib. Eyni zamanda, Çin ilə də əlaqələr son illərdə gözlə görüləcək səviyyədə hiss olunur. Bütün bunlar region ölkələri tərəfindən yaxından izlənilir. Təsadüfi deyil ki, son illərdə Mərkəzi Asiya liderlərinin Azərbaycana 30-a yaxın səfəri baş tutub. Azərbaycan Prezidentinin regiona intensiv səfərləri də diqqət çəkir. Mərkəzi Asiya üçün Azərbaycan bu gün regionu qlobal iqtisadi və siyasi sistemlərlə birləşdirən nadir “təhlükəsiz koridor” funksiyasını yerinə yetirir. Regionun Rusiya və Çin kimi nəhəng güclər arasında sıxılmış vəziyyətdə olması onları alternativ istiqamətlər axtarmağa məcbur edir. Bu alternativin ən real və geopolitik risklərdən ən azad forması məhz Azərbaycan üzərindən keçən Orta Dəhlizdir. Azərbaycan Mərkəzi Asiya üçün sadəcə tranzit yolu deyil, geosiyasi nəfəsdir. Çünki Mərkəzi Asiya dövlətləri Qərb bazarlarına çıxmaq, investisiya cəlb etmək, texnologiya qazanmaq və siyasi balans yaratmaq üçün Azərbaycan üzərindən keçmək məcburiyyətindədirlər. Bu, Bakını region üçün əvəzedilməz edir”.
Politoloqun bildirdiyinə görə, Azərbaycan həm də Mərkəzi Asiyanın “risk amortizatoru” rolunu oynayır: “Yəni bölgə Rusiya–Çin ağırlığından xilas olmaq və çoxvektorlu siyasət qurmaq üçün Bakının neytral, sabit və Qərblə əlaqələri açıq olan mövqeyindən istifadə edir. Bakının həm Türkiyə, həm Avropa, həm ABŞ, həm də Şərqlə münasibətlərdə tarazlığı qoruması Mərkəzi Asiya dövlətlərinə təhlükəsiz geosiyasi manevr imkanı yaradır. Enerji infrastrukturları da burada kritik əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji xəritəsini dəyişdiyi kimi, Mərkəzi Asiyanın da enerji ixracını yenidən qurmaq potensialına sahibdir. Qazaxıstanın neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə daşınması artıq reallıqdır. Gələcək mərhələdə türkmən qazının və digər resursların bu xəttə qoşulması regionun iqtisadi azadlığını daha da artıracaq. Azərbaycanın rolunu gücləndirən başqa vacib məqam siyasi sabitlikdir. Mərkəzi Asiya ölkələri idarəetmə baxımından dəyişkən bir bölgədir və onlar üçün sabit tərəfdaş tapmaq hər zaman çətin olub. Bu mənada Bakı həm siyasi etibarlılığı, həm sözünə sadiqliyi, həm də regional proseslərdə aktivliyi ilə özünü “dayaqlı tərəfdaş” kimi təsdiq edib”.
Röya İsrafilova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.