EN

Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik geosiyasi məkan formalaşdırır ŞƏRH

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixi hadisə kimi yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu ölkəyə səfəri, həmçinin Prezident İlham Əliyevin tədbirdəki çıxışı, qəbul olunan qərarlar, imzalanan sənədlər hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Ölkəmizin Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakçı statusu qazanması xarici siyasətimizin növbəti uğurudur. Bu qərarın perspektivləri Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının çıxışlarında da xüsusi qeyd edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələri davamlıdır. Xarici siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarının əsas tərkib hissələrindəndir.

Deputat qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilir. Tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi Asiya artıq beş ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən görüşlərdə dövlət, hökumət başçıları, nazirliklər, dövlət və ictimai təşkilatlar səviyyəsində iştirak edəcək. Bu, Azərbaycanın yerləşdiyi Cənubi Qafqazı inkar etmir. Ölkəmiz həm Cənubi Qafqaz platformasında fəaliyyətini davam etdirir, həm də Mərkəzi Asiya istiqamətində fəaliyyətini genişləndirir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdə çıxışında “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik” söyləyərək bu əminliyi də ifadə etdi ki, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə həmkarlarına təşəkkür edən Prezident İlham Əliyev vurğuladı ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək. Göründüyü kimi, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının daha da möhkəmlənməsi yalnız tərəflərə deyil, bütövlükdə regionun maraqlarına xidmət edir.

Şərqlə Qərb, Şimalla Cənub arasında körpü

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı çıxışında Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsindən, həmçinin Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələrindən geniş bəhs etdi. Dövlətimizin başçısı çıxışında da dost, qardaş dəstəyinə, Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpasına verdikləri töhfələrə diqqəti yönəldərək bildirdi ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyuldu. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaq.

“Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür. Dövlətimizin başçısı çıxışında bu məsələyə xüsusi diqqət yönəltdi və bildirdi ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Bu əminlik ifadə edildi ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, - deyə V.Rəhimzadə bildirib.

O, əlavə edib ki, Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyi yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşən ölkə olaraq həm coğrafi mövqeyi, həm də malik olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və təşəbbüscüsü olduğu enerji və nəqliyyat layihələri ilə ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Chosen
32
6
azertag.az

10Sources