EN

Strateji əməkdaşlıq modeli - Azərbaycan və Özbəkistan

Strateji əməkdaşlıq modeli - Azərbaycan və Özbəkistan

Azərbaycan regionda bütün dövlətlərlə əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsini prioritet hesab edir və bu siyasətin əsasını sülh, qarşılıqlı etimad və dayanıqlı inkişaf prinsipləri təşkil edir. Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, xüsusilə Mərkəzi Asiya ölkələri ilə formalaşan dərin tərəfdaşlıq və möhkəm müttəfiqlik münasibətləri bu siyasətin ən bariz ifadəsidir. Son illər ikitərəfli münasibətlərin dinamikası, strateji əməkdaşlıq mexanizmlərinin genişlənməsi, dövlət başçıları səviyyəsində aparılan mütəmadi siyasi dialoq və qarşılıqlı səfərlərin intensivliyi bu əlaqələrin etibarlı təməl üzərində qurulduğunu aydın şəkildə göstərir.

Son illərdə tərəflər arasında müşahidə olunan intensiv görüşlər bu yüksəlişin bariz göstəricisidir. Son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana təxminən 30 səfər etməsi, eləcə də ölkə rəhbərliyinin qardaş respublikalara 13 rəsmi səfəri regional əməkdaşlığımızın dinamikasının nümunəsidir. Bu qarşılıqlı təmaslar yalnız siyasi əlaqələri gücləndirmir, eyni zamanda ölkələrimiz arasında bütün istiqamətlər üzrə yeni imkanların açılmasına şərait yaradır. Xüsusilə Orta Dəhlizin getdikcə artan strateji əhəmiyyəti enerji, nəqliyyat, ticarət və logistika sahələrində əməkdaşlığımızın daha da genişlənməsi üçün unikal perspektivlər formalaşdırır.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) son müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın regional siyasətinə, xüsusilə də Mərkəzi Asiya dövlətləri ilə qurduğu münasibətlərə dair strateji baxışını yenidən ortaya qoydu. Dövlət başçısı müsahibə zamanı həm tarixi-mədəni bağlılıqdan qaynaqlanan əməkdaşlıq ənənələrinə, həm də son illərdə yüksələn xətt üzrə inkişaf edən siyasi, iqtisadi və humanitar tərəfdaşlığa xüsusi diqqət çəkdi. Onun vurğuladığı məqamlar göstərir ki, Azərbaycan bu regionla münasibətlərini təkcə dostluq platforması kimi deyil, həm də qarşılıqlı etimad, ortaq maraqlar və davamlı inkişaf prinsiplərinə söykənən strateji müttəfiqlik modeli kimi dəyərləndirir. Bu müsahibə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin mahiyyətini və gələcək inkişaf istiqamətlərini daha aydın şəkildə nümayiş etdirir.

Özbəkistan Azərbaycan üçün təkcə strateji tərəfdaş deyil, həm də qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, dil, etnik yaxınlıq, mənəvi dəyərlər və zəngin tarixi irs birləşdirir. Əsrlər boyu xalqlarımız arasında formalaşmış səmimi münasibətlər bu gün dövlətlərarası əməkdaşlığın ruhunda öz əksini tapır. Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin inkişafında ən mühüm amillərdən biri Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevlə aramızda formalaşmış şəxsi etimad və yaxın dostluq münasibətləridir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiy müsahiəsində qeyd etmişdir ki,”Prezident Mirziyoyevin dövlətlərimiz arasındakı əməkdaşlığın dərinləşdirilməsinə verdiyi şəxsi töhfə, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl gücləndirilməsi istiqamətində göstərdiyi səmimi diqqət xüsusi qeyd olunmalıdır. Qardaş Özbəkistanın liderini, Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəfdir. Son bir il yarımda baş tutan beş qarşılıqlı səfər münasibətlərimizin yüksək dinamikasını və qarşılıqlı siyasi iradənin gücünü əyani şəkildə nümayiş etdirir.

Münasibətlərimizin strateji inkişafında 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura xüsusi rol oynayır. Şura artıq iki iclasını – 2024-cü ilin avqustunda Daşkənddə və 2025-ci ilin iyulunda Bakıda – keçirmiş, dövlətlərimiz arasında uzunmüddətli qarşılıqlı fəaliyyətin koordinasiyası və strateji hədəflərin dəqiq müəyyənləşdirilməsi baxımından əvəzsiz mexanizmə çevrilmişdir.

Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin ən bariz ifadələrindən biri də Qarabağın bərpasına verdiyi töhfələrdir. Azad olunmuş Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda yüzlərlə şagirdin təhsil aldığı məktəbin tikintisi Özbəkistanın qardaşlıq niyyətinin parlaq göstəricisidir. Qarabağın yenidən qurulmasına yardım təşəbbüsünü ilk irəli sürən ölkə məhz Özbəkistan olub, bu addımı dünyada ilk atan lider isə Prezident Şavkat Mirziyoyevdir.

Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olaraq Özbəkistanın dinamik inkişafı, genişmiqyaslı islahatları və beynəlxalq nüfuzunun artması Azərbaycanın da diqqətini çəkir və ölkələrimiz arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, Azərbaycan və Özbəkistan həm Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi türk dünyasının həmrəyliyinə mühüm töhfələr verir, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və koordinasiya əsasında əlaqələrini uğurla genişləndirirlər.

İqtisadi-ticarət əlaqələrinin dinamikası da tam məmnunluq doğurur. 2024-cü ildə iki ölkə arasındakı əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil etmiş, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara yüksəlmişdir. Qarşılıqlı sərmayələr də genişlənir: bu günədək Özbəkistan Azərbaycanın iqtisadiyyatına 21,8 milyon dollar, Azərbaycan isə Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar sərmayə qoyub. 2023-cü ildə yaradılmış ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yeni birgə layihələrə yol açır. Füzulidə – Xankəndi yaxınlığında yaradılan birgə tikiş fabriki isə iqtisadi əməkdaşlığımızın dostluq səciyyəsini daha da gücləndirən rəmzi layihələrdən biridir.

Regional əməkdaşlığa töhfə verən mühüm platformalardan biri də Azərbaycan–Özbəkistan Regional Forumudur. Bu Forum regionlararası tərəfdaşlığın inkişafı, yerli səviyyədə əməkdaşlığın stimullaşdırılması və yeni iqtisadi təşəbbüslərin irəli sürülməsi baxımından səmərəli mexanizmə çevrilib.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq ölkələrimiz arasında strateji əlaqələrin əsas istiqamətlərindəndir. Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit qovşağı rolunu oynayır. Son illərdə Orta Dəhliz vasitəsilə daşımaların həcminin əhəmiyyətli artımı bu marşrutun strateji əhəmiyyətini daha da artırmışdır. 2024-cü ildə tranzit daşımaların həcmi 1,3 milyon tonu keçmiş, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm təxminən bir milyon tona yaxınlaşmışdır. Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi, ölkəmizin müasir ticarət donanması, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanından ibarət logistika infrastrukturu Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzi rolunu daha da möhkəmləndirir.

Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya üçün yeni perspektivlər yaradan mühüm strateji layihə olacaq. Hava nəqliyyatı sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. AZAL və “Uzbekistan Airways” arasında qarşılıqlı reyslər şəhərlərimiz arasında əlaqələrin müntəzəm və intensiv xarakter almasına şərait yaradır.

Energetika sahəsi də əməkdaşlığımızın prioritet istiqamətlərindəndir. SOCAR-ın Özbəkistan ilə layihələri, “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti, habelə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında 2024-cü ildə imzalanan üçtərəfli enerji sazişləri regionda enerji sistemlərinin inteqrasiyası və yaşıl enerji potensialının açılması üçün mühüm mərhələ təşkil edir.

Mədəni-humanitar sahədə əməkdaşlıq xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsində əvəzsiz rol oynayır. Ölkələrimizdə təşkil edilən mədəniyyət günləri, “Şuşa günləri”, regionlar arasında qardaşlaşma layihələri, Daşkənddəki Heydər Əliyev meydanı və Bakıda salınan “Özbəkistan” parkı xalqlarımızın tarixi-mədəni yaxınlığının bariz ifadəsidir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə Özbəkistanda göstərilən xüsusi ehtiram Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

İdman sahəsində əməkdaşlıq da mühüm nailiyyətlərlə yadda qalıb. Azərbaycan və Özbəkistanın birgə səyləri nəticəsində FIFA 2027-ci il U-20 Dünya Çempionatının final mərhələsinin iki ölkədə keçirilməsi qərara alınmışdır. Bu turnir Avropa ilə Asiyanı birləşdirən yeni idman körpüsü olacaq.

Media və qeyri-hökumət təşkilatları sahəsində əməkdaşlıq da son illər xüsusi fəallıq kəsb edir. 2024-cü ildə Daşkənddə Birinci Özbəkistan–Azərbaycan Media Forumu, 2025-ci ildə isə Bakıda İkinci Media Forumu keçirilmişdir. Eyni zamanda, 2024-cü ilin dekabrında Daşkənddə Özbəkistan–Azərbaycan QHT Forumu təşkil olunmuşdur. Bu tədbirlər cəmiyyətlərimiz arasında dialoqun və humanitar əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə xidmət edir.

Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq mexanizmləri Azərbaycan ilə Özbəkistan arasındakı dostluğun, ehtiramın və qardaşlığın nə qədər dərin və sarsılmaz olduğunu göstərir. Ölkələrimiz arasındakı əlaqələr artıq təkcə dövlətlərarası münasibətləri deyil, xalqların yaxınlaşmasını, ümumi mədəni-siyasi məkanın formalaşmasını, gələcək nəsillər üçün davamlı tərəfdaşlıq modelinin yaradılmasını təmin edir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Mərkəzi Asiya, xüsusilə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini və gələcək inkişaf perspektivlərini aydın şəkildə göstərir. Dövlət başçısının vurğuladığı kimi, bu əlaqələr yalnız tarixi və mədəni bağlılığa deyil, həm də qarşılıqlı etimad, siyasi iradə və davamlı əməkdaşlıq prinsiplərinə əsaslanır. İkitərəfli və beynəlxalq platformalarda genişlənən əməkdaşlıq, iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan və Özbəkistan arasında möhkəm müttəfiqlik və strateji tərəfdaşlıq regionda sülhün, dayanıqlı inkişafın və ortaq maraqların təmin edilməsində nümunəvi rol oynayır. Bu müsahibə həm də gələcəkdə tərəfdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün aydın yol xəritəsi təqdim edir.

Hüseynova Samirə Adəm qızı

Chosen
14
50
afn.az

10Sources