EN

Fransa Ukraynanı Avropanın ön cəbhəsinə çevirir: Makronun tarixi silah paketi

Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə imzaladığı hərbi əməkdaşlıq paketi Ukrayna-Rusiya müharibəsinin gedişində geosiyasi tarazlıqları dəyişdirəcək səviyyədə strateji addımdır.

Parisin Kiyevə 100 ədəd “Rafale” döyüş təyyarəsi, yeni nəsil SAMP-T hava hücumundan müdafiə sistemləri, radar və PUA texnologiyaları satmağa razılıq verməsi Avropanın gələcək təhlükəsizlik arxitekturasının artıq ABŞ-nin deyil, Avropa dövlətlərinin öz təşəbbüsləri ilə formalaşdığını göstərir. Makron bu anlaşmanı “ikili münasibətlərdə yeni bir mərhələ” adlandırmaqla yanaşı, Ukraynanın Avropa müdafiəsinin “ön cəbhəsi” olduğunu xüsusi vurğulayıb.

Müharibə uzandıqca Qərb ölkələrinin hərbi-texniki dəstəyi daha sistemli və uzunmüddətli xarakter alır. Bu paket əslində Ukraynanın yalnız bu gününü deyil, 2030-cu illərə qədər təhlükəsizlik modelini müəyyənləşdirir. Yəni məsələ təkcə döyüş texnikası deyil. Ukrayna ordusunun Qərb standartlarına uyğun yenidən qurulmasıdır. “Rafale” kimi yüksək səviyyəli təyyarələrin 100 ədədlik paketlə təklif edilməsi indiyə qədər heç bir Avropa ölkəsinin Ukraynaya vermədiyi açıq bir siyasi mesajdır: Qərb Ukraynanı təkcə müdafiə eləmir, onu regionun gələcək təhlükəsizlik dayağına çevirir.

Makronun çıxışında diqqəti çəkən ikinci mühüm məqam “sülh üçün hər şey hazırdır, ancaq Rusiyanın iradəsi yoxdur” fikridir. Bu, Fransa rəhbərliyinin artıq Rusiyanın siyasi iddialarını legitim tərəf kimi qəbul etmədiyini, münaqişənin bitməsini Moskvanın iradəsinə bağladığını göstərir. Bu ritorika, əvvəlki illərdə Makronun dəfələrlə “Putinlə dialoqu qorumaq” xətti ilə ziddiyyət təşkil edir və Parisin mövqeyində kəskin dəyişiklik baş verdiyini sübut edir.

Digər tərəfdən, Fransa-Ukrayna əməkdaşlığı təkcə hərbi müstəvidə qalmır. “Alstom” şirkəti ilə 55 lokomotivin satışına dair 475 milyon avroluq müqavilə, Kiyevin energetika və nəqliyyat infrastrukturunun bərpasında Parisin xüsusi rol almaq niyyətindən xəbər verir. Bu, Fransa üçün gələcək dövrdə həm iqtisadi, həm siyasi təsir mexanizmi formalaşdırır. Makronun “Ukraynanın maliyyə ehtiyacları üçün Avropa səviyyəsində yeni qərarlar hazırlanır” mesajı isə Brüsseldə Ukraynaya uzunmüddətli maliyyə öhdəliklərinin gücləndiriləcəyinə işarədir.

Bu prosesin Rusiya üçün mənası aydındır: Qərb koalisiyası Ukraynanın hərbi müqavimətini qırmaq fikrində deyil və Moskvanın müharibəni “tükətmə strategiyası” artıq nəticə vermir. Parisin “gölge filosu”na qarşı mübarizəni gücləndirəcəyi barədə bəyanatı isə Rusiyanın sanksiyalardan yayınma kanallarının daha ciddi nəzarətə alınacağını göstərir. Bu da Kremlin iqtisadi manevr imkanlarını məhdudlaşdıracaq.

Zelenskinin anlaşmanı “tarixi” adlandırması səbəbsiz deyil. Ukrayna ilk dəfədir ki, bu miqyasda Qərb istehsalı olan yüksək texnologiyalı aviasiya paketinə çıxış əldə edir. Bu həm hərbi meydanda tarazlığı dəyişir, həm də Ukraynanın gələcəkdə NATO ilə interoperabelliyini artırır. Makronun “ümid edirəm, sülh 2027-dən əvvəl təmin olunar” sözləri isə Fransa rəhbərliyinin münaqişənin orta müddətli davamına hazırlaşdığını göstərir.

Beləliklə, Parisdə imzalanan sənəd həm Avropanın təhlükəsizlik prioritetlərini yenidən müəyyənləşdirir, həm Ukraynanın ordusunun modernləşməsinə uzunmüddətli əsas yaradır, həm də Rusiyaya qarşı siyasi və hərbi təzyiqin yeni mərhələyə keçməsini ifadə edir. Bu anlaşma Makronun Qərb daxilində liderlik iddiasını gücləndirməklə yanaşı, Avropanın ABŞ-dan asılılığını azaltmağa yönəlmiş strateji xəttinin də bir parçası kimi dəyərləndirilə bilər.

Zülfü Məmmədov

Chosen
51
1
bakivaxti.az

2Sources