EN

Lahıc sənətkarlığını çətinləşdirən amillər açıqlanıb

Dünya bazarında əlvan metalların qiymətinin artması Azərbaycanda misgərlik və digər ənənəvi sənətlər üzrə istifadə olunan xammalın və istehsal xərclərinin bahalaşmasına səbəb olub, bu da əl işlərinin maya dəyərinə ciddi təsir göstərir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev bildirib.

Onun sözlərinə görə, son illər əl işlərinin hazırlanmasında istifadə olunan bütün materiallar bahalaşıb:

"Əlvan metallar dünya bazarında daim bahalaşır. Mis, qalay, kömür, qaz, yanacaq - bunların hamısı bahalı resurslardır. Bu amillər əl işinin maya dəyərini birbaşa artırır".

N. Əliyev qeyd edib ki, sənətkarlar xammal ilə yanaşı, həm də emalatxanaların saxlanması, enerji sərfiyyatı və digər gündəlik xərclərlə bağlı artan yükün öhdəsindən gəlməyə çalışırlar:

"Əl işinin hazırlanması bir neçə mərhələdən ibarətdir və bu mərhələlərin hər biri əlavə xərc tələb edir. Xammal bahalaşdıqca əl işinin satış qiyməti də qaçılmaz olaraq artır ki, sənətkar öz əməyini doğrulda bilsin. Bütün bu çətinliklərə baxmayaraq, Lahıc ustalarının qədim ənənəni yaşatmaq əzmi güclüdür. Bu, nəsillərdən-nəsillərə keçən peşədir və hansı çətinlik olursa-olsun, ənənəni qorumağa çalışırıq".

N. Əliyev vurğulayıb ki, maddi çətinliklərə baxmayaraq, Lahıcın sənətkarlıq ənənəsi bu gün də aktiv şəkildə yaşayır və bölgəyə gələn turistlərin əsas maraq obyektlərindən biri olaraq qalır.

Chosen
17
1
far.az

2Sources