EN

Bakıda sıxılmış qaz daşıyan yük avtomobilinin qəzaya uğramasının səbəbi məlum olub - YENİLƏNİB 2 VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda sıxılmış qaz daşıyan yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səhər saat 5 radələrində sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

“Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdırlar ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər”, - deyə məlumatda qeyd edilib.

08:59

Sumqayıt şəhəri istiqamətində qəzaya görə avtomobillərin hərəkətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

08:15

Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən tunelin giriş hissəsinə və Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları zəruri tədbirlər görürlər.

Chosen
34
17
azertag.az

10Sources