AZ

Bakıda sıxılmış qaz daşıyan yük maşını qəza törədib, yolda məhdudiyyət tətbiq edilib - VİDEO

Bakıda sıxılmış qaz daşıyan yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə səhər saat 05 radələrində qeydə alınıb. Sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

"Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər", NİİM-dən bildirilib.

Seçilən
43
17
apa.az

10Mənbələr