Son günlər sosial şəbəkələrdə xüsusilə "TikTok"da çiy kartof dilimlərinin corabın içində saxlanılaraq soyuqdəyməni müalicə etdiyi iddiası yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, lakin mütəxəssislər bu üsulun heç bir elmi əsası olmadığını bildirirlər.
Əsrlərdir tətbiq olunan bu üsul kartofun "toksinləri çəkdiyi" düşüncəsinə əsaslansa da, həkimlər bunun mümkün olmadığını deyirlər. Amerika Pediatriya Akademiyasının sözçüsü Joanna Parga-Belinkie qeyd edir ki, virus və bakteriyaların qan dövranından dəriyə, ordan isə kartofa keçməsi bioloji olaraq mümkün deyil.
Mütəxəssislər kartofun qaralmasının da "bədən toksinlərini çəkməsi" ilə deyil, oksigenlə təmasda baş verən təbii kimyəvi reaksiyalarla bağlı olduğunu vurğulayır. Konnektikut Universitetinin professoru Rebekka Endryu bildirir ki, kartof dəmir və nişasta ilə zəngin olduğu üçün kəsilən kimi oksidləşir və rəngi dəyişir.
Həkimlərin fikrincə, bəzilərinin bu metodu tətbiq etdikdən sonra özlərini daha yaxşı hiss etmələri plasebo effekti ilə bağlıdır. Yəni real təsir olmasa belə, insan müalicə aldığına inandığı üçün simptomlarda müvəqqəti yaxşılaşma hiss edə bilər.
Mütəxəssislər soyuqdəymə zamanı belə qeyri-elmi üsullara güvənməməyi, əvəzində istirahət, bol maye qəbulu və lazım gəldikdə həkim məsləhəti ilə dərmanlardan istifadə etməyi tövsiyə edirlər.
Milli.Az