İlahiyyatçı: “İslam mədəniyyətində məzarlıqların daha çox yaşıllığa çevrilməsi məsələsi yer alıb”
Avstriyanın paytaxtı Vyanada qəbiristanlıqlarda tərəvəz yetişdirilməsi xəbəri beynəlxalq mediada böyük maraq doğurub. Şəhərin icma bağçılıq ənənəsi uzun illərdir mövcuddur, insanlar parklarda, çəmənliklərdə, hətta binaların həyətlərində kiçik sahələrdə məhsul yetişdirirlər. İndi isə bu tendensiya qəbiristanlıqlara da keçib. Vyananın üç böyük qəbiristanlığında - o cümlədən mərkəzi nekropolda - xüsusi bağ çarpayıları yaradılıb. Layihənin təşəbbüskarları bildirirlər ki, istifadəsiz qalan sahələrdə tərəvəz yetişdirmək həm ekoloji, həm sosial, həm də psixoloji baxımdan insanların yaxınlarının məzarlarını daha tez-tez ziyarət etməsinə stimul verir.
Şəhər bağçılıq şirkəti “Ackerhelden” nümayəndələrinin sözlərinə görə, ideya elə qəbiristanlıqların idarəçiliyindən gəlib və artıq ikinci mövsümdür uğurla davam edir. Təşəbbüsün əsas məqsədi - qəbiristanlıqları “ölülər diyarı” statusundan çıxarıb, insanlar üçün sakit, yaşıl, eyni zamanda faydalı məkana çevirməkdir. Avropa ölkələrinin bir çoxunda - Almaniya, Niderland, İsveçrə və Skandinaviya şəhərlərində - bu yanaşma illərdir tətbiq olunur: qəbiristanlıqlar park funksiyası daşıyır, ailələr orada gəzintiyə çıxır, hətta müəyyən yerlərdə dekorativ meyvə ağacları da saxlanılır.
Lakin məsələ burada başqa sual doğurur: belə yerlərdə yetişdirilən tərəvəz və meyvələri yemək olarmı? Bu, xüsusilə müsəlman qəbiristanlıqlarında tez-tez müzakirəyə səbəb olur. Çünki Azərbaycanda, Türkiyədə, Orta Asiya və Yaxın Şərq ölkələrində məzarların yanında bəzən qoz, tut, nar, ərik kimi ağaclara rast gəlinir və bu ağacların bəhrəsindən istifadə edənlər də olur.
Tibbi baxımdan məsələyə yanaşsaq, mütəxəssislər bildirirlər ki, insan cəsədinin torpaqda parçalanması təbii prosesdir və torpağa əsasən üzvi maddə kimi qarışır. Bu maddələr ağacların kök sistemi tərəfindən filtrasiya olunur və bitkiyə keçərkən tamamilə çevrilmiş formaya düşür. Bioloqların fikrincə, kökləri dərin olmayan tərəvəzlərdə risk daha yüksək ola bilər, çünki torpağın üst qatında olan istənməyən mikroorqanizmlərlə təmas ehtimalı var. Amma iri meyvə ağaclarında, xüsusilə 3-5 metr səviyyəsində meyvə verən ağaclarda insan qalıqlarının bitkiyə keçməsi ilə bağlı heç bir zərərli təsir elmi şəkildə sübuta yetirilməyib.
Dünya təcrübəsi də bunu təsdiqləyir. ABŞ-də “green burial” - yəni ekoloji dəfn sistemi - geniş yayılıb. Bu qəbiristanlıqlar xüsusi olaraq meşə kimi salınır, yüzlərlə ağac yetişdirilir və ərazidə böyüyən meyvə-tərəvəzdən istifadə qadağan edilmir. İngiltərədə isə bəzi icmalarda qəbiristanlıq ərazisində yetişdirilən alma və gilasların satışından əldə olunan gəlir qəbiristanlığın saxlanmasına sərf olunur.
İslam alimlərinin məsələyə yanaşması bir qədər fərqlidir. Onların bir çoxu bildirir ki, qəbiristanlıqda yetişən meyvələrdən yemək dini baxımdan qadağan deyil, lakin etik baxımdan məqbul sayılmaya bilər. Çünki məzar - hörmət olunan məkandır və insan ziyarətə gələrkən məqsədi məhsul toplamaq olmamalıdır. Digər tərəfdən, çoxlu dini mənbələrdə “məzarın üstündə bitən ağacın kökü ölüyə rəhmətdir” kimi fikirlər də yer alır. Yəni ağac əkilməsi təşviq olunur, meyvəsini yeməklə bağlı isə qadağa yoxdur.
Vyana nümunəsi göstərir ki, qəbiristanlıqların yalnız qəm şəkildə deyil, eyni zamanda həyatla bağlı simvolik məkan kimi də idarə edilməsi mümkündür. Lakin bu modelin Azərbaycanda geniş tətbiqi çətin görünür - həm dini-mental səbəblərdən, həm də insanların qəbiristanlıqları “toxunulmaz məkana” çevirməsi ilə bağlı. Buna baxmayaraq, müzakirəsi maraqlı olan sual hələ açıq qalır: yediyimiz meyvənin harada yetişdiyini bilmək bizi nə qədər rahatladır.

Ağa Hacıbəyli
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, İslam mədəniyyətində məzarlıqların daha çox yaşıllığa çevrilməsi məsələsi yer alıb: "Dinimizdə məzarlıqların yaşıllığa çevrilməsi, orada güllərin əkilməsi normal hal kimi qəbul edilir. İslamda ağac əkmək əhəmiyyətli bir hadisə kimi dəyərləndirilir. Lakin dinimizdə məzarlıqların meyvə bağçasına çevrilməsi ilə bağlı konkret bir qeyd yoxdur ki, ona istinad edək. Biz məzarlıqda əkilən ağacların meyvələrinin yeyilməsi və ya onların satılması ilə bağlı konkret bir şey deyə bilmərik. Məzarlıqların parklara, əyləncə yerlərinə çevrilməsi də qəbul edilmir. Çünki ora deyib-gülmək yeri deyil. Qəbiristanlıq ibrət alınacaq yerdir və bizə axirəti xatırladır. Oranı dünyəviləşdirmək doğru deyil. Lakin ağacların, güllərin əkilməsi kimi baxışlar dinimizdə var".
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov qəzetə mövzu ilə bağlı danışıb: “Torpaqdan alınan mineral maddələr bitkilərin çürüməsindən, heyvan və insan qalıqlarından yaranır. Bu maddələr hansısa canlının bir hissəsi deyil. Alınan bəlli bir maddə və kimyəvi elementlərdir ki, onlardan əkilən ağaclar qidalanır.
Doğrudur, məzarlıqda əkilən ağacların meyvələri bizə diskomfort gələ bilər. Biz onu qəbul etməyə bilərik. Bunlar normal şeylərdir. Dini və psixoloji baxışımızdan asılıdır. Sırf elmi baxımdan burada qeyri-adi heç nə yoxdur. Torpaqdan alınan mineral maddələr və kimyəvi elementlərdir. Baş verən proseslər nəticəsində üzvi maddələr qeyri-üzvü maddələrə çevrilir, bitki və meyvələrə həyat verir.
Mövzu yalnız elmi-tibbi yox, həm də mədəni düşüncə ilə bağlı olduğundan, insanlar bu barədə fərqli yanaşmalar sərgiləməyə davam edəcəklər.
Avropanın bir çox ölkələri bu baryeri keçib və rahatlıqla məzarlıqlardan park kimi istifadə edirlər. Bizdə isə baxışlar bir qədər fərqlidir".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”