Qahirə, 21 noyabr, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İrandan nüvə ehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə "gecikmədən" hesabat verməsini tələb edən qətnaməyə səs verib.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, qətnamə AEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbul edilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədə agentliyə "gecikmədən" məlumat verməsi tələb olunur.
Qətnamənin əsas məqsədi AEBA-nın İranın nüvə proqramının aspektləri barədə hesabat vermək mandatını yeniləmək və dəyişdirməkdir. Qətnamədə, həmçinin qeyd olunur ki, Tehran agentliyə dərhal cavab verməli, eləcə də ona istədiyi hər yerə çıxış imkanı verməlidir.
Qətnamə 19 lehinə, üç əleyhinə və 12 bitərəf səslə qəbul edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə