EN

Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfransın mövzusunun qlobal çağırışlar fonunda son dərəcə aktual olduğunu bildirib. O vurğulayıb ki, dinin siyasiləşdirilməsi və məzhəbçilik milli kimliyə, cəmiyyətin sabitliyinə yönəlmiş təhlükəli alətlərdir, bu meyillərə qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindəndir. İcra başçısı bildirib ki, Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və dini dəyərlərin siyasi məqsədlərə alət edilməsi yolverilməzdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə qeyd edib ki, konfransda müzakirə ediləcək mövzular təkcə dini sahəyə aid deyil, həm də dövlətçilik, milli təhlükəsizlik və gələcək nəsillərin ideoloji sağlamlığı ilə bağlı strateji məsələlərdir.

O deyib ki, Azərbaycanın dövlət–din münasibətləri modeli dünya miqyasında nadir təcrübədir:

“Bu model Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və hüquqi çərçivələr əsasında formalaşaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni regional və qlobal çağırışlara uyğun şəkildə daha da gücləndirilib. Bu modelin əsasında duran milli həmrəyliyin bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədir”.

Komitə sədri vurğulayıb ki, dövlət bütün dini konfessiyalara bərabər yanaşır, milli və dini kimliklər arasında harmoniyanın qorunmasına xüsusi önəm verir: “Dinin siyasiləşməsi isə bu harmoniyanı sarsıtmağa yönələn təhlükəli proseslərdən biridir. Dinin siyasi məqsədlərə alət edilməsi, cəmiyyətin emosional həssaslığından sui-istifadə, gənclər arasında radikal ideoloji təbliğat, xarici təsir mərkəzlərinin dini təbliğatı maliyyələşdirməsi, din və ya məzhəb kimliyinin milli kimlikdən önə çəkilməsi dövlətçilik maraqlarına qarşı yönəlib. Belə mənfi təzahürlər daim nəzarətdə saxlanmalı, qarşısı vaxtında alınmalıdır. Bu məqsədlə Komitə mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, dini maarifləndirmə və dini təhsil sahəsində işlər gücləndirilir”.

R.Məmmədov bildirib ki, bu mübarizədə cəmiyyət də fəal iştirak etməlidir. Din xadimləri, ziyalılar, valideynlər və media məsuliyyətli mövqe nümayiş etdirməli, xüsusilə sosial şəbəkələrdə yayılan radikal çağırışlara qarşı diqqətli olmalıdırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanda dini sahədə sabitliyin qorunması, multikulturalizm və tolerantlığın təşviqi dövlət siyasətinin prioritetlərindən biridir və bu dəyərlərə dünya miqyasında da yüksək önəm verilir.

Musavat.com

Chosen
257
50
musavat.com

10Sources