Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, KTM-in Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.
Faktla bağlı cinayət işi başlanıb.