Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Paralel.az xəbər verir ki , bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.