EN

Çıxan çıxıb onsuz da Vüsal Məmmədovun yazısı

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hmmm... Xırda görünsə də, vacib məsələ olduğu üçün əlahiddə götürülmüş bir kəlmənin timsalında dilin başına açılan oyunu yarıb, içindəki mexanizmin necə işlədiyini sizə göstərmək istəyirəm. Şair, dilimizdə təxminən eyni mənanı verən ərəb mənşəli “mədaxil-məxaric” və təmiz türk mayalı “gəlir-çıxar” sözləri var. Üstəlik, bu mövzuda həssas xalq olduğumuzdan eskimosların dilində qarın müxtəlif vəziyyətlərini ifadə edən 36 sözün mövcudluğu kimi, bizdə də gəlirin müxtəlif aqreqat hallarını bildirən kəlmələr kifayət qədərdir (bəzilərini əvvəldə sadalamışam). “Çıxar” isə gəlirin antonomidir. Onun da kifayət qədər alternativləri var: itki, ziyan, xərc, məsrəf... “Zibilə düşmək”! Sormaq istədiyim barmağım deyil, şair, budur ki, dilimizdə həm mənə gələnləri, həm də məndən gedənləri ifadə etmək üçün kifayət qədər kəlmələr var ikən, niyə “çıxar”ı da götürüb “gəlir / fayda / mənfəət / qazanc / xeyir” mənasında işlədirik? Axı bunlar hətta məntiqi olaraq da əks cəbhələrdə dururlar. Əsrlərdir ki, bu sözlərdən istifadə edirik, hamısı əla işləyir, çatdırmalı olduğu mənanı dəqiqliklə ötürür... İşləyənə niyə barmaq edirik? Axı “çıxar” sözünü “gəlir” mənasında işlətməyə heç bir zərurət yoxdur. Niyə belə edirik? Səbəb sadədir: Türkiyə dilinin təzyiqi. Əgər insanın baxdığı seriallarda, filmlərdə, oxuduğu mətnlərdə “çıxar” sözü “gəlir” mənasında işlədilirsə, onun özü də bir müddətdən sonra təslim olub, belə danışmağa başlayacaq. Xüsusilə də əgər Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmirsə, dilin patriotu deyilsə, ifadə imkanlarından bixəbərdirsə. Şair, bunu dedim, sovet dövründəki saqqallı bir lətifə yadıma düşdü. İşıqlı gələcək quran xalqın gizli-gizli “Beatles”ə qulaq asdığı günlərdə Brejnev insanların qarşısında çıxış edirmiş.

- Yoldaşlar! - deyir,- rəhbərimiz Lenin...

Hamı qışqırmağa başlayır:

- Lennon, Lennon!..

- Yox, yoldaşlar,- Brejnev düzəliş verir,- Lenin!

- Lennon, Lennon!...

- Lennon yox, yoşdaşlar, Lenin, Lenin!

- Lennon, Lennon!

- Nə isə, - Brejnev bezir və oxumağa başlayır: “Yesterday... all my truobles seemed so far away...” Dilimizdə də təxminən eyni proses gedir. Biz danışanda deyirik: məsələn, “Kartımdan pul çıxdı”, “Borcumdan çıxarsan”, “Bu ay xeyli xərcim çıxıb” – yəni oturuşmuş qəliblərdə “çıxar” sözünü yerində işlədirik. Di gəl, özümüz cümlə quranda həmin kəlmədən Türkiyə dilinin zehnimizə təzyiqi nəticəsində qazandığı yeni mənada istifadə edirik.

İndi Türkiyə dilinin adeptləri deyəcəklər:

- Hə, nə olsun? Qardaş xalqın dilidir də! Sən rus sektorunda oxuyanlardan danış!

- Axı rus sektorunda oxuyanlar gəlirə “çıxar” demirlər!..

- Nə olsun e, yad söz deyil ki, türk dili elə bizim dildir də... Hmmm... Bax, burası doğrudan maraqlıdır: türk dili doğma dildir, amma niyə onlar “çıxar” sözünü “gəlir / fayda / xeyir / mənfəət” mənasında işlədirlər? Bu, iki xalqın düşüncə tərzindəki fərqdən doğur. Necə ki, biz “Sənə nifrət edirəm” deyirik, onlar isə “Səndən nifrət edirəm”. Bizim linqvistik təfəkkürümüz nifrəti yönlük halda təsəvvür edir, onların təfəkkürü çıxışlıq halda. Bizə görə nifrət kiməsə tuşlanan hissdir, onlara görə əksinə, kimdənsə uzaqlaşdırılan. “Çıxar” kəlməsi də belədir. “Çıxarlarım var” deyəndə biz cümlənin subyekti kimi özümüzü təsəvvür edirik, onlar isə qarşı tərəfi. Bizim linqvistik təfəkkürdə çıxar odur ki, məndən çıxıb, kiməsə gedir; onların təfəkküründə kimdənsə çıxıb, mənə gəlir. Bütün hallarda çıxan çıxır, amma çıxdığı yer fərqlidir. Bizim dildə subyekti özümüz olmayan “çıxar” kəlməsi də var, amma bu halda faydanı, qazancı deyil, qeyri-müəyyən potensialı ifadə edir. Məsələn, deyirik: “Bunu da yoxlayım, görüm, nə çıxacaq?”, “Təzə işindən bir şey çıxır?” Sualın mahiyyəti odur ki, qazancın varlığına əmin deyilik, çıxanın nə olduğunu dəqiqləşdirmək istəyirik. Şəxsən mənə görə “çıxar” kəlməsinin Azərbaycan dilindəki mənası və işlənmə qaydası daha doğru, daha məntiqlidir. Amma əlbəttə, hər xalqın öz kəlməsi öz dilində gözəldir. Biz fikrimizi öz kəlmələrimizlə ifadə edəndə azərbaycanlı kimi düşünür, azərbaycanlı təfəkkürünü işlədir, yaşadırıq. Vacib olan budur. Türkiyənin də, onların dilinin də qadasını alaram, əzizdir, doğmadır. Amma mən son 700-800 ildə müstəqil şəkildə azərbaycanlı təfəkkürünün təsirilə formalaşmış Azərbaycan dilində danışmaq istəyirəm. İstəmək bir yana, bu bizim borcumuzdur. Bəzən dost-tanış deyir ki, “Əşşi, burax bu işin başını, dilimizə girən kəlmələr girib onsuz da, camaata necə rahatdırsa, elə də danışacaq”. Amma bu qədər sadə deyil. Birincisi, girən giribsə, barı çıxan çıxmasın. İkincisi, gördüyümüz kimi, proses heç də camaatın ağız rahatlığının diqtəsilə getmir. İtirdiyimiz isə təkcə dilimizin hissələri deyil: Biz onların vasitəsilə ifadə olunan özünəxas düşüncə tərzimizi – Azərbaycanlı təfəkkürünü, dolayısı ilə azərbaycanlı kimliyimizi də yavaş-yavaş itiririk. Bu isə tədricən Azərbaycan xalqı olmaqdan uzaqlaşmağa aparan yoldur. Bəlkə elə belə yaxşıdır? Hamımız eyni cür danışaq, eyni cür düşünək, sonra da eyni xalq olarıq. Nəyə lazımdır e, bir xalq orada, bir xalq burada, bir neçə xalq o biri tərəfdə...

Hmmm... Bundan o yanası artıq başqa və daha ciddi söhbətin mövzusudur. Vüsal Məmmədov

AzVision.az Müəllifin əvvəlki yazısı:

Şükranlıq günündəki hindquşu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
50
azvision.az

10Sources