EN

Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilir

Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır.

Aznews.az xəbər verir ki, bu gün Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış tədbiri keçirilir.

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.

Artıq bütün nümayəndə heyətləri Bakıdadır. Onlar ötən gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.

İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu gün Bakıda – “Gülüstan” sarayındakı müzakirələrə bədii-mədəni proqramla yekun vurulacaq.

Chosen
321
49
aznews.az

10Sources