EN

105 yaşlı Nazirlik: "Şəffalıq hesabına böyük resurslar əldə olunub"

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından 105 il keçir. 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan Nazirlik bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatında deyilir ki, qurumun fəaliyyət sahələrində ardıcıl və geniş miqyaslı islahatlar reallaşdırılıb, 4 sosial islahat paketi həyata keçirilib. Nəticədə həmin dövrdə minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 437 manata, yaşa görə orta aylıq pensiya 2 dəfə artaraq 234 manatdan 467 manata, orta aylıq əməkhaqqı 70 faiz artaraq 545 manatdan 920 manata çatıb. Median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım əldə edilib.

 

"10 yeni sosial ödəniş növü təsis edilərək Nazirlik tərəfindən sosial təminatı həyata keçirilən vətəndaşların əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib, qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilməklə pensiya təminatına əlçatanlığın daha da artırılması, pensiya sistemində humanist yanaşmaların tətbiqi sahəsində mühüm addımlar atılıb", - məlumatda belə deyilir.

 

Modern.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib ki, son beş il ərzində Nazirliyin fəaliyyətinin şəffaflaşdığını söyləyib:

 

O qeyd edib ki, Azərbaycanda son beş ildə, hətta bundan da artıq bir dövr ərzində irihəcmli sosial zərflər həyata keçirilməkdədir:

 

"Bu, birbaşa ölkə başçısının siyasi iradəsinə əsaslanır. Əhalinin sosial nöqteyi-nəzərdən həssas  kateqoriyalarının müdafiəsi ölkədə prioritetdir. Son beş il ərzində Nazirliyin rəhbərliyində edilən dəyişikliklərdən sonra şəffaflığın və idaretmədə mütərəqqi yanaşmaların şahidi olduğumuzu xüsusi qeyd etmək istəyirəm. Şəffalıq hesabına böyük resurslar əldə olundu. Həmin  resurslar da ölkə başçısının iradəsinə uyğun olaraq, məhz sosial problemlərin həllinə yönəldi. Bu, çox önəmlidir. Nəzərə almaq lazımdır ki, bununla yanaşı biz bir çox iqtisadi problemlərin də həllinə nail olduq".

 

İctimai Şuranın sədri qeyd edib ki, bu illər ərzində həm pandemiya, həm dünya iqtisadiyyatındakı böhran, müharibə ilə bağlı xərclər vardı.

 

"İqtisadiyyatımız ciddi təzyiq altına düşmüşdü. Bu təzyiqdən bizim dayanıqlılığımızın qorunması xeyli dərəcədə, məhz bu sosial müdafiə sistemindəki effektiv islahatlarla bağlı oldu. Bu illər ərzində təqribən 2,7 dəfə ölkə üzrə əməkhaqqı fondu artmışdı. Bu, əhaliyə çox böyük sosial dəstək oldu. Bununla yanaşı iqtisadiyyata onun təkan verməsinin şahidi olduq. Çünki biz daxili bazarı qoruyub, stimullaşdırmış olduq. Daxili bazardakı dayanıqlılığa təkan verdik. Bu məsələlərin hamısı çox müsbət dəyərləndirilməlidir".

 

E.Məmmədov müharibədən sonra Nazirliyin fəaliyyətindən də danışıb:

 

"Müharibə iştirakçılarına, onların ailə üzvlərinə, şəhidlərə, şəhidlərin ailə üzvlərinə olan ehtiram hamısı  ölkəmizin sosial statuslu dövlət kimi, mövqeləşməsinə və inkişaf  etməsinə xidmət edir. Düşünürəm ki, bu yanaşmalar nəinki sosial, həm də iqtisadi, eyni zamanda ictimai-siyasi effekt vermiş olur. Bu ölkəmizin geniş spektrli rəqabət qabiliyyətini artırır. Bir çox sosial, ictimai problemlərin həll olunmasına müsbət təsir göstərir. Çünki müharibə iştirakçılarına xüsusi diqqətin göstərilməsi ölkədə həm sosial, həm də ictimai-siyasi mühit müsbət formada inkişaf edir".

Chosen
160
2
modern.az

8Sources