EN

Xalq yazıçısı İmran Qasımovun 63 illik ömür salnaməsi

Bakı, 25 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdur. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xəti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Bu gün Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 107-ci ildönümü tamam olur. AZƏRTAC İmran Qasımovun yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Dramaturq və kinossenarist İmran Qasımovun yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.

İmran Qasımov həm də istedadlı ssenarist olub. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İmran Qasımovla bağlı xatirələrində yazıb: “İmran müəllim atamın ən yaxın dostlarındandı. Rəsul Rza əvvəlcə Kino işləri idarəsinin müdiri, sonra Azərbaycanın ilk kino naziri olarkən İmran Qasımov onun müavini vəzifəsində çalışırdı, ancaq onların münasibətləri nazir-müavin münasibəti deyildi, çox yaxın, məhrəm dostluq əlaqəsi idi, ruhən yaxın insanların mənəvi yoldaşlığı idi. Atam onu nəvazişlə "İmrani" deyə çağırırdı. İmran da Rəsul Rza haqqında ən səmimi sözlər deyib və yazıb. Gözümü açandan İmran müəllimi evimizin əziz qonaqlarından biri kimi xatırlayıram. İmran Qasımov əsl insan idi. Tanrı ona səxavətlə insan olmaq istedadı əta etmişdi. İmran Qasımov vəfat edəndə dahi bəstəkarımız Qara Qarayev Moskvadan teleqram vurmuşdu, teleqram qəzetlərdə də dərc olundu. Bu başsağlığı teleqramında bir cümlə məni heyrətləndirmişdi. Qara Qarayev İmrana "axır ki, rahatlıq tapdın" sözlərini yazmışdı. O vaxt mən bu sözlərin dərin mənasını başa düşməmişdim. İndi başa düşürəm”.

İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

Chosen
132
1
azertag.az

2Sources