EN

Kəlbəcər ət məhsullarına olan tələbatın ödənilməsində aparıcı rayonlardan birinə çevrilməkdədir - AÇIQLAMA

Bakı, 25 noyabr, AZƏRTAC

Kəlbəcər Qafqazın ən böyük iqtisadi potensialına malik olan bölgələrdən hesab edilir. Kəlbəcərdə turizmin bütün məhsullarını təklif etmək mümkündür – dağ turizmi, yay, qış, mədəni, tarixi və dini turizmin imkanları bu rayonda kifayət qədər böyükdür. Kəlbəcərin bərpası və yenidən qurulması, infrastrukturun inkişafı daha çox turistin cəlb olunmasına şərait yaradacaq. Bu, həm daxili, həm də gəlmə turizminin inkişafı baxımından çox vacibdir.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Kəlbəcər, həmçinin faydalı qazıntıları ilə zəngindir.

“Burada qızıl yataqları ilə yanaşı, kifayət qədər çoxlu sayda təbii ehtiyatlar var. Bütün bunlar Kəlbəcər sənayesinin inkişafı üçün böyük imkanlar yaradır. Kəlbəcərin gələcəkdə sənayeləşmədə öndə olan rayonlardan birinə çevriləcəyi gözlənilir. Bu da, sənaye məhsullarının istehsalı, daxili bazara çıxarılması və ixracı baxımından yeni imkanlar deməkdir. Kəlbəcərin aqrar və heyvandarlıq sahəsində də potensialı böyükdür. Nəzərə alaq ki, Azərbaycanda ət məhsullarına tələb yüksəkdir. Ona görə bu rayon ət məhsullarına olan tələbatın ödənilməsində aparıcı rayonlardan birinə çevrilməkdədir. Bu da aqrar məhsulların istehsalında Kəlbəcərin payının artacağı anlamına gəlir. Təbii ki, Kəlbəcər bərpa prosesindədir. İnfrastrukturun tam formalaşması və reinteqrasiyası prosesi başladıqdan sonra biz rayonun Azərbaycan iqtisadiyyatında payının daha da yüksələcəyini müşahidə edəcəyik”, - deyə V.Bayramov qeyd edib.

Chosen
24
azertag.az

1Sources