EN

Orban Trampın sülh planını müzakirə etmək üçün Putinlə görüşəcək

Macarıstan liderinin 28 noyabrda Moskvaya səfər edəcəyi bildirilir…

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orbanın ABŞ-nın təqdim etdiyi Trampın sülh planını müzakirə etmək məqsədilə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi iddia olunur. Macar jurnalist Sabolç Panyinin məlumatına görə, görüşün 28 noyabr, cümə günü Moskvada – Kremldə keçirilməsi planlaşdırılır. Jurnalist bu barədə səfərin detalları ilə tanış etibarlı mənbəyə istinad edib.

Mənbənin sözlərinə görə, səfər yüksək səviyyəli danışıqlar formatında nəzərdə tutulub və əsas mövzunu Tramp administrasiyasının təşəbbüs göstərdiyi sülh planının məzmunu və onun mümkün tətbiqi təşkil edəcək. Hələlik nə Budapeşt, nə də Moskva görüşü rəsmi olaraq təsdiqləməyib, lakin məlumat mənbəsi Orbanın Moskvaya səfərinin “böyük ehtimalla baş tutacağını” vurğulayıb.

Son aylarda Orban Vaşinqtonun təklif etdiyi plana açıq dəstək verməsi və Ukraynaya hərbi yardımın qarşısını alacağına dair bəyanatları ilə diqqət çəkirdi. Siyasi müşahidəçilər hesab edir ki, bu səfər Macarıstanın regionda öz rolunu möhkəmləndirmək cəhdi olmaqla yanaşı, Tramp administrasiyası ilə Moskva arasında aparılan paralel diplomatiyanın tərkib hissəsidir.

Eyni zamanda, Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiyaya müəyyən güzəştlər nəzərdə tutan hər hansı sazişə şübhə ilə yanaşdığı bir vaxtda, Orbanın Moskvaya gözlənilən səfəri Brüsseldə əlavə narahatlıq doğura bilər. Görüşün gündəliyinin detalları və tərəflərin müzakirə edəcəyi konkret məsələlər yaxın günlərdə dəqiqləşəcək.

Poliqon.info

Chosen
44
50
poliqon.info

10Sources