EN

Bakıda SSRİ bayrağı qaldıranlar Ramiz Mehdiyevin adamlarıdır?

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər və yürüşdə iştirak etmiş digərləri müəyyən olunaraq saxlanılıb. 

Onların barələrində cinayət işi başlanılıb. Bildirilib ki, ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.

Həmin şəxslərin ofis və mənzillərində kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.  

Qeyd edək ki, saxlanılan şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına fəaliyyət göstərdiklərinin açıqlanması xüsusi diqqət çəkib.

Həmin dövlətin Rusiya olduğunu təxmin etmək elə də çətin deyil. Kremlin ölkəmizdəki əsas adamının isə vətənə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev olduğu hər kəsə bəllidir. Bu isə saxlanılan şəxslərin Mehdiyevlə əlaqəsinin olduğu ehtimalını gündəmə gətirir...

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, saxlanılan şəxslər Rusiyanın siyasi xəttini təbliğ edirdilər:

“Çünki Rusiyanın siyasi xətti kommunist xətti ilə üst-üstə düşür. Üstəlik, Rusiya özünü SSRİ-nin davamçısı və varisi elan edib. Saxlanılan şəxslər Rusiyanın əlaltıları olduqları görünür. 

Kreml bununla hələ də hansısa formada Azərbaycanda təsir imkanları olduğunu göstərməyə çalışır. Ölkəmizdə isə Rusiyanın əsas adamı Ramiz Mehdiyevdir. 

Bu, həm də Ramiz Mehdiyevə dəstək aksiyası kimi də dəyərləndirilə bilər. Onun Rusiyadakı hamiləri tərəfindən belə addımlarla Ramiz Mehdiyevin Azərbaycandakı şəbəkəsinin hələ də aktiv olduğu göstərilməyə çalışılır. Ancaq bununla bağlı lazımi addımlar atılacaq”.

Partiya sədri hesab edir ki, Bakıda SSRİ bayrağı qaldıran adamlar birbaşa Ramiz Mehdiyevdən də təlimat almış ola bilərlər:

“Nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyev sadəcə ev həbsindədir. Onun kənarla əlaqə qurması məhdudlaşdırılmayıb. Belə vəziyyətdə Ramiz Mehdiyev telefon vasitəsilə hələ də şəbəkəsini idarə edə və hansısa göstərişlər verə bilər.

Saxlanılan şəxslərin birbaşa Ramiz Mehdiyev və ya onun adamları tərəfindən idarə olunduğu ehtimalı da kifayət qədər realdır”.

Chosen
41
1
cebheinfo.az

2Sources