EN

"Qarşılıqlı viza rejiminin ləğvi məsələsində nə qədər öndə olsaq, Azərbaycana daha çox turist gələcək" - Ekspert

Milli Məclis ötən gün Azərbaycanla bir sıra ölkələr arasında ümumvətəndaş, diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişləri təsdiq edib.

Redaktor.az-a vizaların aradan qaldırılması haqqında danışan turizim eksperti Rəhman Quliyev bildirdi ki, Azərbaycan pasportu öz reytinqini qaldırır:

"Bu, hər il öz reytinq coğrafiyasını genişləndirməkdə davam edir. Azərbaycan son illər ən mühüm dövlətlərlə qarşılıqlı viza rejimini ləğv edib. Buna böyük istehsalçı dövlət, böyük nüfuza sahib olan Çin dövlətini misal çəkə bilərik. Eyni zamanda Doha, Qətər dövlətini və burada bir sıra kiçik dövlətləri də misal göstərmək olar ki, bunların da böyük əhəmiyyəti var. Çünki reytinq cədvəlində irəliləmək üçün bunun çox böyük əhəmiyyəti var. Reytinq cədvəlində irəliləməyimizə böyük dəstək olur və bu, digər ölkə turistləri arasında böyük güvən yaradır".

Onun sözlərinə görə, qarşılıqlı viza rejiminin ləğvi məsələsində nə qədər öndə olsaq, turistlər Azərbaycana daha çox gəlməyə meyilli olarlar:

"Çünki biz özümüz də xarici ölkələrə gedəndə o ölkə haqqında araşdırma aparırıq: ora il ərzində nə qədər turist gəlir və o, hansı ölkələrlə daha sıx münasibətə malikdir. Bəlkə də müəyyən insanlar araşdırmır, amma əcnəbi turistlər buna önəm verirlər. Bunu ölkə rəhbərliyinin apardığı siyasi strategiyanın nəticəsi olaraq qiymətləndirmək olar.

Bu baxımdan da mən hesab edirəm ki, gələcəkdə bu qarşılıqlı əlaqə həm turizm baxımından, həm investisiya baxımından, həm iqtisadi əlaqələr baxımından, həm də tələbə inteqrasiyası baxımından daha əlverişli olacaq. Xalqları bir-birinə yaxınlaşdıracaq və ümumiyyətlə, hər bir atılan addım Azərbaycan iqtisadiyyatına mühüm töhfə verəcək".

Aytəkin TOFİQQIZI

Chosen
44
redaktor.az

1Sources