BAKI, 27 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trump bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında mövcud olan yaxşı münasibətlər təkcə Vaşinqton üçün deyil, həm də Yaponiya üçün faydalıdır.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
Tramp qeyd edib ki, Birləşmiş Ştatların Çinlə çox yaxşı münasibətləri var və bu, Yaponiyanın da daxil olduğu müttəfiqlər üçün mühüm üstünlüklər yaradır. Onun sözlərinə görə, Si Cinpin ABŞ-dən soya paxlası və digər kənd təsərrüfatı məhsullarının alışını əhəmiyyətli dərəcədə artıra bilər.
Tramp vurğulayıb ki, ABŞ Yaponiya, Çin və Cənubi Koreya ilə ticarət razılaşmaları bağlayıb.
WSJ-nin məlumatına görə, Tramp Yaponiyanın baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı ona Tayvan məsələsində daha təmkinli ritorika seçməyi tövsiyə edib və Çin Xalq Respublikası ilə münasibətləri gərginləşdirə biləcək bəyanatlardan çəkinməyi məsləhət görüb. Qəzetin anonim yaponiyalı rəsmilərə istinadən yazdığına görə, Tramp Vaşinqtonla Pekin arasında münasibətlərin yaxşılaşmasını riskə atmaq istəmir.
WSJ hesab edir ki, bu epizod ABŞ-Çin münasibətlərində “yeni reallığın” formalaşdığını göstərir. Qəzetin qənaətincə, Çinlə ticarət atəşkəsi və Tayvan məsələsi artıq bir-biri ilə sıx şəkildə bağlıdır.