Payız fəslinə baxmayaraq ölkədə havalar hələ də isti keçir. Normalda vaxtlarda yağışların başlaması gözlənilsə də, demək olar ki, ölkənin əksər bölgəsində yağıntıya rast gəlinmir. Temperaturun normadan yuxarı olması cəmiyyətdə “qış sərt olacaqmı?” sualını gündəmə gətirib.
NOCOMMENT.az xəbər verir ki, meteoroloq Cavidan Əliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, havaların isti keçməsinin bir sıra səbəbləri var:
“Son zamanlar havanın quraq keçməsinin səbəbi ölkəmizin Sibir antisiklonunun cənub-qərb kənarında yerləşməsidir. Ondan əvvəlki dövrdə də hava şəraitinin quraq keçməsi qərb axınlarının daha çox şimal trayektoriyası üzrə hərəkət etməsi ilə bağlı idi. Bu isə şimaldan soyuq hava kütlələrinin Azərbaycana daxil olmasının qarşısını alırdı”.
Ekspert deyib ki, havaların belə keçməsi qışın sərt olacağına dəlalət etmir:
“Qışın sərt keçib-keçməyəcəyinə gəldikdə isə, adətən, belə quraqlıq payız aylarında müşahidə olunursa, qışda tez-tez soyuq hava dalğaları təkrarlanır. Bəzən sulu qar, qar yağışı qeydə alınır. Məsələn, 2002-ci ilin noyabrı da belə quraq keçmiş, dekabr ayında isə Bakıda çox qarlı hava müşahidə olunmuşdu. Həmin il dekabrın 10-da qarın hündürlüyü 50 sm-ə çatmışdı. Amma havanın hazırda mülayim keçməsi qışda havanın mütləq sərt keçəcəyinə işarə vermir”.