Bakı kimi böyük şəhərlərdə hava çirkliliyinin azaldılması son illər ən vacib ekoloji məsələlərdən birinə çevrilib. Sənaye müəssisələri və nəqliyyat vasitələrindən havaya yayılan zərərli qazların tənzimlənməsi istiqamətində yeni addımların atılması zərurəti gündəmdədir.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Teleqraf"a açıqlama verən ekspert Cəmşid Quliyev bildirib ki, sıx məskunlaşmış Bakı şəhərində hava çirkliliyi həm əhalinin sağlamlığı, həm də şəhər ekosistemi üçün ciddi risklər yaradır:
“Sənaye müəssisələri və nəqliyyat vasitələrindən atmosferə atılan qaz və toz hissəcikləri hava keyfiyyətinin pisləşməsinə səbəb olan əsas mənbələrdir. Bu səbəbdən emissiyaların rəsmi monitorinq məlumatları əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Cəmşid Quliyev bildirib ki, hazırda sənaye obyektlərində emissiyalar icazə sistemi ilə tənzimlənir:
“Yeni və yenidənqurulan müəssisələr Dövlət Ekoloji Ekspertizasından keçməli olur, daimi monitorinq stansiyalarında isə PM₁₀, PM₂.₅ və digər çirkləndiricilərin səviyyəsi ölçülür. Böyük sənaye müəssisələri qaztəmizləyici qurğularla təmin edilir və mütəmadi sahə yoxlamaları aparılır. Son illər bəzi müəssisələrdə texnoloji yenilənmə həyata keçirilsə də, köhnə istehsalat sahələrində filtrasiya sistemlərinin yetərsizliyi hələ də ciddi problem olaraq qalır. Havanın yaxşılaşdırılması üçün avtonəqliyyat emissiyalarının normativləşdirilməsi, texniki baxışın gücləndirilməsi, yaşıl zolaqların genişləndirilməsi və monitorinq şəbəkəsinin artırılması istiqamətində tədbirlər görülür. Köhnə nəqliyyat vasitələrinin mərhələli istismardan çıxarılmasını, sənaye obyektlərində real vaxt rejimində onlayn emissiya nəzarətinin tətbiqini, aşağı emissiya zonalarının yaradılmasını, elektrik nəqliyyatının təşviqini və tikinti sektorunda tozlanmaya qarşı nəzarətin sərtləşdirilməsini vacib hesab etmək olar”.
Ekspert bildirib ki, Bakı üzrə çirklənmənin əsas mənbələri avtonəqliyyat (təqribən 70–75%) və sənaye–enerji sektoru (25–30%) təşkil edir:
"Quraqlıq, küləksizlik və temperatur inversiyası kimi anomal hava şəraiti də PM₁₀ və PM₂.₅ hissəciklərinin atmosferdə daha uzun qalmasına səbəb olur. Hava çirklənməsinin azaldılması üçün şəhər nəqliyyatının elektrik və hibrid modellərə keçidi, yaşıllaşdırmanın artırılması, külək koridorlarının qorunması və tikinti sektorunda tozlanmaya qarşı ciddi nəzarət həyata keçirilməlidir".