EN

Rusiya kəşfiyyatının şefi Türkiyədə - kimlərlə görüşüb?

“NATO və Avropa İttifaqı, nə qədər qəribə səslənsə də, Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmağa başlayıb”.

Bunu Rusiyanın Belçikadakı səfiri Denis Qonçar bildirib.

Onun sözlərinə görə, “NATO üzvləri əhalini guya Kremlin alyans ölkələrinə hücum planları ilə qorxudaraq, nə qədər absurd görünsə də, Rusiya ilə böyük müharibəyə hazırlığa başlayıb. Aİ isə sürətlə militarizasiya xəttini irəli aparır, sülh və firavanlıq naminə vahid Avropa ideyasını dəfn edir və Avropa İttifaqını NATO-nun əlavəsinə çevirir. Nəticədə Avropa qlobal çəkisini və rəqabət qabiliyyətini sürətlə itirir”.

NATO-Aİ-Rusiya müharibəsi realdırmı və dünyanın taleyinə necə təsir edər?

MİRZEBEY.jpeg

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Rusiyanın Belçikadakı səfirinin iddiası, şübhəsiz ki, təsadüfi deyil, bu açıqlama həm Moskvanın Qərb təsisatları ilə münasibətlərindəki dərin böhranı, həm də qlobal nizamda baş verən sistem dəyişikliyinə reaksiyanı əks etdirir:

“Səfir Qonçarın fikirləri bir tərəfdən Rusiya diplomatiyasının son illər formalaşdırdığı “müttəfiqlər bizi mühasirəyə alır” narrativi ilə üst-üstə düşür, digər tərəfdən, Aİ-NATO münasibətlərində gedən real prosesləri Kremlin prizmasından dəyərləndirir.

Qonçarın ittiham etdiyi “militarizasiya xətti” əslində Avropa İttifaqı üçün ənənəvi olmayan, lakin Rusiya–Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik vakuumuna verilən məcburi cavabdır. Onilliklər boyunca iqtisadi inteqrasiya, sosial rifah və yumşaq güc modeli ilə tanınan Aİ bu gün öz təhlükəsizliyinin təminində NATO-dan tam asılılığın fəsadlarını hiss edir.

Brüsselin iddiasına görə, Avropanın sürətlə silahlanması daha çox özünümüdafiə və şaxələndirmə xarakteri daşıyır. Buna baxmayaraq, Moskva bu prosesi özünə qarşı yaradılmış bloklaşma kimi təqdim edir və Qərbin hərbi-siyasi transformasiyasına “Rusiyaya qarşı hücum planı” kimi reaksiya verir”.

Deputatın sözlərinə görə, real vəziyyət göstərir ki, həm NATO, həm də Aİ Rusiya ilə genişmiqyaslı birbaşa müharibədə maraqlı deyillər:

“NATO-nun bütün strateji sənədləri və davranışları hədəfin məhz münaqişənin regional çərçivədə saxlanılması olduğunu göstərir. Qərb ölkələri Rusiya ilə birbaşa toqquşmanın nüvə paritetinə görə tamamilə fəlakətli olacağını yaxşı anlayırlar. Buna baxmayaraq, səfir Qonçarın dediklərinin tamamilə ritorikadan ibarət olduğunu söyləmək də doğru olmaz. Çünki mövcud təhlükəsizlik dinamikası həqiqətən də riskləri artırır: Aİ-nin silahlanması, NATO-nun Şərq cinahını gücləndirməsi, Rusiyanın müharibəni uzatması, həmçinin Kreml daxilində sərt xətlə yönəlmiş qrupların təsiri təsadüfi eskalasiyalara zəmin yarada bilər.

Müharibənin real olub-olmaması daha çox bir faktorun – siyasi iradənin necə dəyişəcəyindən asılıdır. Hazırkı mərhələdə qlobal nizam tamamilə parçalanmış vəziyyətdədir. ABŞ Çinə qarşı strateji rəqabətdə resurslarını səfərbər edir, Avropa enerjidən tutmuş müdafiə xərcinə qədər geniş transformasiya dövrü yaşayır, Rusiya isə Ukrayna savaşı ilə öz geosiyasi orientirlərini yenidən qurmağa çalışır. Bu xaotik mühitdə istənilən yanlış addım qlobal domino effektinə səbəb ola bilər.

Müharibə planlaşdırılmış şəkildə deyil, daha çox lokal insidentlərin nəzarətdən çıxması ilə başlaya bilər ki, bunun da qarşısını almaq hazırda həm Qərbin, həm də Rusiyanın açıq şəkildə ifadə etdiyi maraqlara daxildir”.

Elçin Mirəzbəyli hesab edir ki, genişmiqyaslı Rusiya–NATO müharibəsi baş versə, bu, XXI əsrin ən dağıdıcı siyasi və iqtisadi sarsıntısına çevrilə bilər:

“Bu halda Avropanın sənaye infrastrukturu dağılacaq, qlobal enerji bazarları çökəcək, qida təhlükəsizliyi ciddi şəkildə zədələnəcək, dünyanın maliyyə sistemi nəzarətsiz mühitə düşəcək. Ən təhlükəlisi isə nüvə ssenarisinin tamamilə masadan qalxmamasıdır. Bu cür müharibənin nəticəsində nə qalib, nə də məğlub olacaq, yalnız dağılan dövlətlər, çökən iqtisadiyyatlar və humanitar fəlakət qalacaq.

Azərbaycan üçün isə bu proseslər həm risk, həm də yeni geosiyasi reallıq deməkdir. Regionumuz Avrasiya təhlükəsizlik arxitekturasının kəsişmə nöqtəsində yerləşdiyi üçün böyük güclər arasında yaranacaq istənilən toqquşma Cənubi Qafqaza təsirsiz ötüşə bilməz. Bakı illərlə formalaşdırdığı balanslaşdırılmış xarici siyasət, çoxtərəfli tərəfdaşlıq və riskdən uzaq dayanan diplomatiya sayəsində bu cür mürəkkəb şəraitdə belə öz təhlükəsizlik modelini qorumağı bacarır. Azərbaycanın prinsipial mövqeyi aydındır. Məqsəd qlobal qarşıdurmalardan kənarda qalmaq, regionda sabitliyi möhkəmləndirmək və yeni nəqliyyat-enerji xəritəsinin strateji mərkəzinə çevrilməkdən ibarətdir”.

Deputat sonda deyib ki, nəticə etibarilə, Rusiya ilə Qərb arasında genişmiqyaslı müharibə indiki anda planlaşdırılmış və real perspektiv kimi görünmür, lakin mövcud gərginlik riskləri artırır:

“Dünyanın taleyi bu gün artıq təkcə böyük güclərin siyasi qərarlarından deyil, həm də qlobal sistemdəki qeyri-sabitlik amillərindən asılıdır. Sülhün qorunması isə bütün dövlətlər üçün ən yaxşı, ən rasional seçim olaraq qalır”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
104
2
musavat.com

2Sources