EN

Orbanın Moskva səfəri: Avropanı narahat edən siyasi oyun

Macarıstanın Baş naziri Viktor Orban  bu gün Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bu, Orbanın ilk Moskva səfəri deyil, lakin mövcud geosiyasi vəziyyət fonunda bu addım həm Avropa İttifaqında (Aİ), həm də NATO-da ciddi narahatlıq yaradıb. Səfərin arxasında duran motivlər və onun mümkün nəticələri bir sıra mühüm siyasi sualları gündəmə gətirir.

Orbanın Moskva səfərinin əsas siyasi məqsədi nədir? Macarıstanın Rusiya ilə yaxın münasibəti NATO daxilində hansı narahatlıq yaradır?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev NOCOMMENT.az-a bildirib ki, bu, Viktor Orbanın Moskvaya ilk səfəri deyil:

“O, bundan əvvəl də Rusiyaya səfər edib və həmin vaxt da səfərin məqsədini eyni səbəblərlə izah etmişdi. Avropa İttifaqı (Aİ) liderlərinin onun bu səfərlərinə münasibəti yaxşı olmasa da, buna mane ola biləcək bir mexanizm hələlik tapmayıblar. Elə buna görə də Macarıstan ilə Aİ institutları arasında münasibətlər kifayət qədər soyuqdur. Lakin Macarıstan Aİ üzvü olduğundan ona qarşı kəskin addımlar atmaq imkanları məhduddur. Orban da bunu yaxşı bildiyi üçün bu vəziyyətdən maksimum dərəcədə yararlanmağa çalışır.”

Elşən Mustafayev

E.Mustafayev qeyd edib ki, onun Ukraynaya silah yardımını bloklaması müəyyən problemlər yaratsa da, geniş mənada vəziyyəti dəyişmir:

“Aİ Ukraynaya yardım etməklə bağlı gözləmə mövqeyi tutmaq istəyəndə Macarıstanın bu mövqeyinə əsaslanaraq prosesi ləngidir. Yardım göstərmək istədikdə isə Aİ istənilən vaxt uyğun mexanizmlər yaradaraq Macarıstanın mövqeyindən yan keçə bilir. Eyni zamanda, ayrı-ayrı dövlətlər də Ukraynaya birbaşa şəkildə silah və maliyyə yardımları edir. Aİ-nin Macarıstanla əsas problemi Orbanla bağlıdır. Brüsseldə düşünürlər ki, Orban hakimiyyətdən getsə, onun yerinə gələcək hökumət tamamilə fərqli siyasət yürüdəcək. Elə buna görə də hazırda Macarıstanda müxalifət partiyaları ilə intensiv iş aparılır.”

Elşən Mustafayev onu da vurğulayıb ki, hazırda masada olan danışıqların bütün maddələrinin Trampın hazırladığı layihəyə əsaslanması da təsadüfi deyil:

“Tramp isə əldə olunacaq dividendləri heç vaxt bölüşmək istəmir. Orbanın da, digər dövlətlərin də Trampın “sülh layihəsi”nə dəstəyi ola bilər. Lakin əgər bu prosesdə uğur əldə ediləcəksə, rəsmi Vaşinqton bunu heç kimlə bölüşməyəcək. NATO daxilində Macarıstan Baş nazirinin Rusiya ilə münasibətləri təbii olaraq narahatlıq yaradır. Lakin bu münasibətlər kritik qarşıdurma səviyyəsində olmadığı üçün narahatlıq açıq şəkildə ifadə olunmur. Digər mühüm məqam isə Viktor Orbanın Rusiya ilə münasibətlərində Moskvanı birmənalı şəkildə dəstəkləməməsidir. O, hər zaman bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və onun torpaqlarının işğal olunması faktını qəbul edir. Amma müharibənin bitməsini eskalasiyanın artırılması ilə deyil, qarşılıqlı güzəştlərə getməklə mümkün hesab edir. Aİ-nin Ukraynaya maliyyə ayırmasını isə o, eskalasiyanın dərinləşməsi kimi qiymətləndirir. Təbii ki, bu mövqe onun Rusiya ilə əlverişli şərtlərlə iqtisadi əməkdaşlıq qurmaq niyyətindən də qaynaqlanır”.

Chosen
54
35
nocomment.az

10Sources