EN

“Şimal-Cənub” dəhlizinin Azərbaycan marşrutu region ölkələri arasında ən səmərəli istiqamətdir - ŞƏRH

Bakı, 28 noyabr, AZƏRTAC

Son illərdə görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üçün strateji əhəmiyyətini artırır. “Şimal-Cənub” dəhlizi regionda logistika inteqrasiyasını gücləndirir, tranzit axınlarını artırır. Bu dəhliz Azərbaycanı Avrasiyada “Logistika hub”ına çevirir.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib.

S.Heydərov qeyd edib ki, Ukrayna münaqişəsi səbəbilə Rusiyaya tətbiq edilən sanksiyalar onu məcbur etdi ki, Çin və Hindistan ilə ticarət əlaqələrini inkişaf etdirsin.

“Əgər 2021-ci ildə Rusiya Hindistan iqtisadi-ticarət əlaqələrinin həcmi 13,1 milyard dollar idisə, 2022-ci ildə 38,4 milyard dollar, 2023-cü ildə 65 milyard dollar, 2024-cü ildə isə 66 milyard dollar olub. Bu vəziyyət yeni geopolitik reallıqlar işığında “Şimal-Cənub” dəhlizinin əhəmiyyətini bir daha sübut edir”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, “Şimal-Cənub” dəhlizinin Azərbaycan marşrutu region ölkələri arasında ən səmərəli istiqamət kimi qeyd olunur: ““Şimal-Cənub” dəhlizi ilə Azərbaycan ərazisindən keçən konteyner daşımaları bu ilin 10 ayı ərzində əvvəlki ilə nisbətən təxminən 58 faiz artıb. Bu tranzit həcminin kəskin artdığını göstərir. Mövcud infrastruktur və yenilənən dəmir yolu xətləri (məsələn, Sumqayıt-Yalama seqmenti), terminallar və müasir idarəetmə sistemləri nəqliyyatın sürətini, səmərəliliyini və təhlükəsizliyini artırır”.

S.Heydərov qeyd edib ki, yeni üçtərəfli memorandum (Azərbaycan-Rusiya-İran) “blok qatar” rejimində daşımaların müntəzəm olması, tariflərin uzlaşdırılması və proseduraların sadələşdirilməsi deməkdir.

“Bu da “Şimal-Cənub” marşrutunda yükdaşımaların proqnozlaşdırılmasını və tranzit yükü artıracaq. Uzun müddətli perspektivdə həm ticarət, həm də tranzit yükdaşımalarında artım əldə olunan gəlirlərin artması, ölkənin logistika və nəqliyyat sahəsində beynəlxalq nüfuzunun yüksəlməsi deməkdir. Həmçinin region dövlətləri ilə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi iqtisadi inteqrasiyanı gücləndirir. Belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın region ölkələrinin nəqliyyat siyasətində aktiv rol oynadığını göstərir və bu da ölkənin Avrasiya nəqliyyat sistemlərində nəzarətçi və koordinator statusunu gücləndirir”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, “Şimal-Cənub” dəhlizi müxtəlif coğrafi regionları Şimali Avropa-Rusiya-Cənubi Asiya-Mərkəzi Asiya-İran istiqamətlərini birləşdirir: “Yükdaşımaların artması, tranzit tariflərin optimallaşdırılması, infrastrukturun modernləşdirilməsi, prosedurların sadələşdirilməsi ikitərəfli ticarətdən daha çox üç və çoxtərəfli regional ticarət, tranzit axınlarını aktivləşdirir. Region dövlətləri arasında siyasi və iqtisadi əlaqələrdə sabitliyin qorunması vacibdir. Tranzit marşrutlarının effektivliyi təkcə infrastrukturdan yox, həm də münasibətlər sistemindən asılıdır”.

Chosen
147
27
azertag.az

10Sources