AZ

Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu - ŞƏRH

Bakı, 29 noyabr, AZƏRTAC

Müasir nəqliyyat və logistika şəbəkələri ticarəti, idxal-ixracı, tranzit və regional əməkdaşlıqları inkişaf etdirərək ölkələrin iqtisadi gücünü artırır və beynəlxalq inteqrasiyanı sürətləndirir. Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, Türkiyə, beynəlxalq inkişaf bankları, özəl sektor və regional tərəfdaşların iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu”nda səsləndirilən fikirlər də nəqliyyat əlaqələrinin prioritetliyini bir daha ifadə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib.

Onun sözlərinə görə, forumda edilən çıxışlar bir daha təsdiq edir ki, “Etibarlı sabitlik + əlverişli coğrafiya + zəngin nəqliyyat-tranzit imkanları” qlobal iqtisadi məkanda rəqabət üstünlüyü qazanmağın əsas formulu kimi qəbul edilir.

“İnteqrasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunan XXI əsrdə əmtəə-xidmət axınlarının optimallaşdırılması, logistik xidmətlərin modernləşdirilməsi, dayanıqlı inkişaf məqsədlərindən irəli gələn “yaşıl/logistik davamlılıq” uzunmüddətli iqtisadi sabitlik və dinamik tərəqqi üçün əsasdır. Məhz qeyd edilən və edilməyən bir çox səbəblərdən nəqliyyat sektoru, xüsusilə beynəlxalq nəqliyyat-tranzit əlaqələri dünyanın bir çox ölkələrinin strateji prioritetinə çevrilməkdədir”, - deyə o qeyd edib.

Regionda və qlobal səviyyədə mövcud trendlər – Orta dəhliz

A.Əsədov bildirib ki, “Trans-Caspian International Transport Route” (TITR / Orta dəhliz) ötən illərdə beynəlxalq logistika və nəqliyyat arenasında önəmli yer tutmağa başlayıb: “Bu dəhlizin inkişafı Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini sürətləndirərək dünya ölkələri üzrə resursların bərabər paylanmasına da öz töhfəsini verməkdədir. Qlobal miqyasda — Afrika, Asiya, Avropa və digər regionları əhatə edən infrastruktur layihələri, logistika dəhlizləri və yükdaşımaların optimizasiyası kimi məsələlərin prioritetliyi nəqliyyat sektoruna diqqəti daha da artırır, sahənin investisiya cəlbediciliyini yüksəldir.

Yuxarıda adıçəkilən forumda da iştirakçılar Orta dəhlizin Avropa ilə Asiya arasında sürətli, təhlükəsiz və etibarlı bir marşrut kimi strateji əhəmiyyətini bir daha təsdiqlədilər. Müzakirələr zamanı regionlararası, Cənubi Qafqaz və Qara dəniz bölgəsi vasitəsilə Aİ ilə Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşdırma sahələrində əlaqələrin gücləndirilməsi zəruriliyi vurğulandı. İştirakçılar koordinasiyaya, logistik maneələrin aradan qaldırılmasına, qaydaların uzlaşdırılmasına və infrastruktur layihələrinin miqyasının daha da genişləndirilməsinə ehtiyac olduğunu yekdilliklə vurğuladılar”.

O bildirib ki, forumun nəticələrinə görə, Trans-Xəzər nəqliyyat əlaqələrinin inkişafı üçün Avropa Birliyi tərəfindən xüsusi layihə reallaşdırılacaq.

“Avropa Komandası” 15 milyon avro dəyərində proqramı çərçivəsində ticarət prosedurlarını təkmilləşdirməyi, gömrük səmərəliliyini artırmağı, nəqliyyat qaydalarını uzlaşdırmağı və multimodal logistikanı inkişaf etdirməyi hədəfləyir. Dövlət-özəl tərəfdaşlığı, tarif sistemləri və aktivlərin idarə edilməsi üçün dəstək təmin edilir. İnvestisiya paketinə texniki-iqtisadi əsaslandırmalar, ətraf mühitin qiymətləndirilməsi və prioritet infrastruktur layihələrin müəyyən edilməsi də daxildir. Bütün bu işlərin reallaşdırılması ümumilikdə 10 milyon avro təşkil edəcək. Eyni zamanda, 5 milyon avro ilə də AB və AYİB nəqliyyat dəhlizlərinin modernləşdirilməsini və aşağıkarbonlu nəqliyyat infrastrukturuna keçidi sürətləndirmək üçün texniki və investisiya öncəsi tədqiqatları maliyyələşdirəcək.

O cümlədən “Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu”nda Qazaxıstanın Aktau limanına AB tərəfindən 10,4 milyon avro, AYİB tərəfindən isə 35 milyon avro kredit verilməsi açıqlanıb. Layihəyə körpülərin genişləndirilməsi, enerjiyə qənaət edən kranların quraşdırılması və konteynerlərin daşınması qabiliyyətinin artırılması daxildir. Forumda investorlar tərəfindən Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yol tikintisi və infrastruktur quruculuğu işlərinə, ümumilikdə, 300 milyon avroya yaxın investisiya qoyulacağını da bildiriblər”, - deyə A.Əsədov diqqətə çatdırıb.

Onun sözlərinə görə, investorlar forumundakı rəsmi çıxışında Özbəkistanın nəqliyyat naziri Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafında Avropa İttifaqı ilə fəal əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, Orta Dəhliz bizim üçün prioritetdir. AB nümayəndələri isə Orta dəhlizi Aİ-nin “Global Gateway” strategiyasının flaqmanı adlandırıblar: “Orta Dəhliz bu marşrut boyunca bütün ölkələrə geosiyasi və iqtisadi faydalar təqdim edir. O, Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar şəbəkəsini birləşdirir”,- deyə Avropa Komissarı bildirib.

Orta dəhliz: Azərbaycanın nailiyyətləri və gözləntilər

Şöbə müdiri diqqətə çatdırıb ki, son 20 ildə ölkəmizdə nəqliyyat sahəsində ciddi struktur islahatları aparılıb: nəqliyyat sisteminin modernləşdirilməsi, idarəetmənin və infrastruktur təminatının təkmilləşdirilməsi, nəqliyyat parkının müasirləşdirilməsi, rəqəmsal texnologiyalardan istifadənin genişlənməsi, normativ-hüquqi bazanın zənginləşdirilməsi, beynəlxalq konvensiyalara qoşulma və daşıyıcı bazasının inkişafı və s.

“Həyata keçirilən dövlət siyasəti, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində Azərbaycan regionda aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilib. 9 beynəlxalq hava limanına, regionda ən böyük Aviayük donanmasına malik olan Azərbaycanda Ələt BDTL-in tikintisi, Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv işlərin aparılması, nəqliyyat-tranzit potensialından istifadə ilə bağlı ardıcıl proqramların qəbulu və s. bir qovşaq kimi ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da möhkəmləndirir. Bütün bunlarla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib, eləcə də bu istiqamətdə ardıcıl işlər aparılmaqdadır.

Onu da qeyd edək ki, Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi yığıncağının keçirilməsi də Orta Dəhlizin imkanlarını daha da genişləndirəcəkdir. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarını özündə birləşdirən təşkilat Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu, birgə qurum transregional daşımalarda kooperasiyanı gücləndirməyi hədəfləyir. Eyni zamanda, beynəlxalq yük daşımaları sahəsində də dinamika müsbətdir. Bircə faktı qeyd edək ki, Kazakhstan Temir Zholy (KTZ) son dönəmdə Azərbaycana taxıl tədarükünü 25 dəfə artıraraq 600 min tona çatdırıb. Bu, regionda yükdaşımaların önəmli yüksəlişinin bariz nümunəsidir”, - deyə o bildirib.

O qeyd edib ki, ADY ilə “Rusiya Dəmir Yolları” ASC arasında “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum”, “Məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş” imzalanıb: “Hər iki sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini, qarşılıqlı məlumat mübadiləsini və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında daha çevik və iqtisadi cəhətdən daha səmərəli logistik zəncirin qurulmasına imkan verəcək.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanın nəqliyyat strategiyası yalnız müasir infrastrukturun tikintisi və daşımalardan daha çox gəlir əldə etmək deyil, həm də yaşıl inkişaf, ekoloji davamlılıq və rəqəmsal idarəetmə kimi əsas prinsipləri rəhbər tutaraq ümumi regional inkişafa töhfə verməkdir. Bu isə nəticədə, nəqliyyat əlaqələrinin əhatə etdiyi bütün ölkələr üçün yalnız logistika və ticarət baxımından deyil — iqtisadi inkişaf, regional inteqrasiya, strateji tranzit mövqeyi və geosiyasi güc baxımından da önəmlidir”.

Seçilən
188
27
azertag.az

10Mənbələr