EN

Bakı cinayət məhkəməsində erməni separatçıların bəzilərinə bəraət istənildi...


Çingiz Qənizadə: “Doğrudan da Azərbaycanda məhkəmə proseslərində müstəqillik qorunub saxlanılır və demokratik, şəffaf bir proses keçirilir, burada hər kəs öz sözünü deyə bilir”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin növbəti baxış iclasında təqsirləndirilən bəzi şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Belə ki, təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışının əvvəlində xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut qəsəbəsində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb.

Vəkil deyib ki, 2023-cü il sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

“Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm”, - deyə vəkil əlavə edib.

Q.Stepanyanın digər vəkili Rafiq Kərimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov çıxışında qeyd edib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədilməsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu - əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib.

Müdafiəçi deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 3 il müddətinə müqavilə imzalayaraq Xankəndi şəhərində yerləşən hərbi birləşmədə xidmət etməsi faktının təqsir qismində Vasili Beqlaryana şamil edilməsi ədalətli və qanuni sayıla bilməz. Belə ki, həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.

O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Müdafiəçi V.Beqlaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, ittiham tərəfinin sübutlarını qəbul etmədiklərini söyləyərək, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

A.Qukasyanın digər vəkili Nailə Tağıyeva da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Manukyanın müdafiəçisi Valeh Qurbanov deyib ki, hüquqlarını qoruduğu şəxs özünü təqsirli bilmir, eləcə də özünü heç bir cinayətkar birliyin üzvü hesab etmir. Vəkil daha sonra söyləyib: “David Manukyan heç bir qanunsuz silahlı dəstənin yaradıcısı və üzvü olmayıb. O, hərbçi olub, hərbi təlimat əsasında fəaliyyət göstərib”.

Müdafiəçi bildirib ki, baş verənlərdə əsas təqsirkar Ermənistanın siyasi-hərbi rəhbərliyidir.

O, D.Manukyanın mövqeyini müdafiə etdiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən David Babayanın vəkili Çingiz Mansurov hüquqlarını müdafiə etdiyi şəxsin 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinə könüllü şəkildə təslim olduğunu söyləyib. Müdafiəçi deyib ki, D.Babayan özünü elan olunmuş ittihamlarda təqsirli bilmir. O, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Madat Babayanın müdafiəçisi Leyla Namazzadə çıxışında deyib ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan helikopterinin vurulması nəticəsində ölkəmizin dövlət xadimlərinin həyatına sui-qəsd etmə epizodu üzrə M.Babayana bəraət verilməlidir. O bildirib ki, M.Babayan həmin dövrdə Ağdərə və Tərtər istiqamətində postlarda xidmət edib və odlu silahdan canlı hədəflərə qarşı heç bir atəş açmayıb, yalnız açıq havaya atəşlər açıb.

Vəkil daha sonra deyib: “Hüquqlarını müdafiə etdiyim Madat Babayan istintaqa səmimi ifadə verib və məhkəmə istintaqı zamanı istintaqda verdiyi ifadəni iki dəfə təsdiqləyib. Onun verdiyi səmimi ifadə və iti yaddaşı nəticəsində Xocalı ərazisindən özünün birbaşa göstərdiyi nöqtələrdən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş şəxslərin qalıqları aşkar olunub, şəxsiyyətləri müəyyən olunduqdan sonra ailələrinə təhvil verilib. Qətlə yetirilmiş soydaşlarımız 30 ildən sonra adət-ənənəmizə uyğun qaydada dəfn olunub. Hüquqlarını müdafiə etdiyim şəxs Xocalı hadisələrində iştirak etsə də, heç kimi öldürməyib, mülki şəxslərə atəş açmayıb, o, sıravi əsgər kimi xidmət edib. Madat Babayan 1991-1994-cü illərdə Azərbaycan xalqına qarşı etnik təmizlənmədə, o cümlədən Xocalı hadisələrində verilən işgəncələrə yalnız şahidlik etdiyindən səmimi peşmandır. Buna görə Azərbaycan xalqından və Azərbaycan Respublikasının Prezidentindən üzr istəyir”.

Müdafiəçi təqsirləndirilən şəxsin ittiham olunduğu epizodlar üzrə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

M.Babayanın digər müdafiəçisi Elnur Vəliyev də özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərdiyi xüsusatlarla razılaşdığını bildirib.

“Vəkillərin müdafiə etdikləri ermənilərə bəraət istəməsi barədə çıxışlarını...”

Təqsirləndirilən bəzi şəxslərin vəkillərinin müdafiə etdikləri şəxslərə bəraət verilməsi məsələsilə çıxış etməsinə münasibət bildirən Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Bakı-Xəbər”ə bildirdi ki, Bakıda hazırda məhkəməsi gedən həm separatçı rejimin vaxtilə rəhbərləri olmuş, həm Azərbaycan xalqına qarşı digər cinayətlərdə iştirakı olmuş şəxslərin məhkəməsi yekunlaşmaq üzrədir: “Bu gün müzakirə olunan məsələlərdən biri də budur ki, bir neçə şəxsə, ittiham olunan bu erməni cinayətkarlarına vəkilləri tərəfindən bəraət istənilib. Biz hüquqi dövlətdə yaşayırıq və qanunların aliliyinin təmin edilməsi, təbii ki, olduqca vacibdir. Vəkil müdafiə etdiyi şəxslə bağlı, təbii ki, ittihamedici fikirlərlə çıxış etməməlidir, o yüngülləşdirici hal, bəraətin verilməsi və digər mövzularda çıxış etməlidir, müdafiə etdiyi şəxsi müdafiə etməlidir. Ona görə də, bizim bəzi vəkillərin müdafiə etdikləri ermənilərə bəraət istəməsi barədə çıxışlarını birmənalı qəbul etmək olmaz. Yəni vəkillərə qarşı bundan istifadə edib hansısa qarayaxma kampaniyası aparmaq olmaz. Çünki dediyim kimi, biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycanda məhkəmələr müstəqildir. Prokurorun hansı cəzanı istəməyi, vəkilin bəraət verilməsi ilə bağlı fikirləri ifadə etməsi kimi məsələlər məhkəməyə təsir kimi dəyərləndirilməməlidir. Hər birinin öz vəzifəsi, funksiyası var. Hesab edirəm ki, sonda bu məsələlərə məhkəmə qiymət verəcək. Vəkillərin bu mövqedə olması və bu isiqamətdə çıxışı bir daha onu göstərir ki, doğrudan da Azərbaycanda məhkəmə proseslərində müstəqillik qorunub saxlanılır və demokratik, şəffaf bir proses keçilir ki, burada hər kəs öz sözünü deyə bilir.

Baxın, təqdirləndirilən şəxslər vəkillərlə, tərcüməçilərlə təmin olunub, onlara qanunun icazə verdiyi müddətdə ailələri, yaxınları ilə telefon əlaqələri yaradılıb, səliqəli-sahmanlı şəkildə məhkəməyə gətirilirlər. Bunlar bizim ədalət mühakiməsini həyata keçirən orqanların - istintaqın, məhkəmənin nə qədər ədalətli olduğunun bariz nümunəsidir. Yəni onlara baxanda biz bunu bir daha görürük”.

Ç.Qənizadə qeyd etdi ki, son söz məhkəmənin olacaq. Ç.Qənizadə başqa cür bir yanaşmanın olduğunu da vurğuladı və bildirdi ki, Ermənistanda Azərbaycan vətəndaşlarına qarşı belə bir məhkəmə keçirilsəydi, orada ermənilərin, Ermənistan vəkillərinin mövqeyi necə olardı? “Biz bunu Dilqəmlə Şahbazın məhkəməsində görmüşük, onların hansı formada məhkəməyə gətirildiyi yaxşı yadımızdadır. Onları maskalı, qolubağlı, başıaşağı şəkildə, böyük hay-küylə, ajiotajla məhkəməyə gətirib mühakimə etmək, təbii ki, ermənilərə xas olan bir hal idi. Cənab Prezident onların buraxılmasına nail oldu və biz onları ermənilərdən aldıq.

Bu, ermənilərin mövqeyi idi. Düzdü, separatçı rejimin hansısa məhkəmə keçirməyə heç bir hüquqi statusu yox idi, amma özləri üçün şou yaratmışdılar. Bu baxımdan, Ermənistanla Azərbaycanı müqayisə edəndə görürsən ki, onlar təqsirləndirilən şəxslərə qarşı necə yaramaz, beynəlxalq hüquqdan uzaq davranıblar, biz isə bu formada davranırıq. Hesab edirəm ki, Azərbaycanın yanaşması düzgün yanaşmadır. Çünki bu prosesi Azərbaycanı sevən və sevməyən qüvvələrin hamısı izləyir. Biz düşmənlərimizin əlinə hansısa bir kart verə bilmərik ki, bu proseslər zamanı buraxılmış olan hansısa bir prosesual hüquq pozuntusu ilə baş verə biləcək kiçik bir detalı böyüdüb sonra ondan bizə qarşı istifadə etsinlər. Bugünə qədər keçirilən proseslər istər məhkəmə, istər istintaq orqanları, istər ittihamı müdafiə edən prokurorluq orqanlanları tərəfindən yüksək peşəkarlıq, tam hüquqa və qanuna uyğun şəkildə həyata keçirilib. Məhkəmənin qərarını gözləyək...”-deyə Ç.Qənizadə bildirdi.

İradə SARIYEVA

Chosen
213
26
baki-xeber.com

10Sources