"Bu gün 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var".
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Məktəblilərarası Milli Hakaton 2025"in mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu, ölkə üzrə əlçatanlığı təmin edir.
"İnsan kapitalının formalaşdırılması ən vacib istiqamətlərdəndir və bu məqsədlə cənab Prezident İlham Əliyevin təsdiqlədiyi strategiya çərçivəsində artıq işlərə başlanılıb.
Bu strategiya 2022-ci ildə təsdiq olunanda məktəblərdə kompüter və internetlə təminat istədiyimiz səviyyədə deyildi. Amma bu gün artıq məktəblərdə şagird-kompüter nisbəti 1:6 səviyyəsinə çatmışdır. Bu isə o deməkdir ki, kompüter laboratoriyaları məktəblərdə artıq şagirdlərin öyrənmə ehtiyacları əsasında səmərəli fəaliyyət göstərə bilir.
Eyni zamanda internetlə bağlı problemlər də böyük ölçüdə həll olunub".