EN

“Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyası tam hüquqidir” - EKSPERT

“Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyası, yəni Azərbaycana verilməsi ilə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, məsələ ilk növbədə hüquqi müstəvidə qiymətləndirilməlidir. 

Bu kontekstdə ən vacib məqam ondan ibarətdir ki, bir dövlətin ərazisində yaşamaq icazəsinə malik olmaq siyasi sığınacaq üçün müraciət etmiş sayılmaq anlamına gəlmir.

2 illik (və ya istənilən müddətli) oturum icazəsi immiqrasiya hüququnun inzibati mexanizmidir, siyasi sığınacaq isə beynəlxalq hüququn və qaçqın statusunun tənzimlənməsi ilə bağlı ayrıca bir institutdur. Bu iki anlayış hüquqi baxımdan bir-birindən tam fərqlənir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu miqrasiya hüququ üzrə mütəxəssis Əlövsət Əliyev deyib.

O deyib ki, əgər Gültəkin Hacıbəyli Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etməyibsə, onun başqa bir dövlətin sorğusu əsasında deportasiya olunması mövcud beynəlxalq və milli hüquqi prosedurlar çərçivəsində həyata keçirilmiş addım kimi qiymətləndirilə bilər:

“Bu halda həmin prosesi avtomatik olaraq insan hüquqlarının pozulması kimi təqdim etmək hüquqi baxımdan mübahisəlidir və əsaslandırılmayıb.

Bənzər hüquqi durum vaxtilə Hüseyn Abdullayev məsələsində də müşahidə olunub. O da Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etmədiyi üçün nəticə etibarilə Azərbaycana təhvil verilib.

Digər tərəfdən, əgər Gültəkin Hacıbəyli Türkiyədə rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etmiş olsaydı, beynəlxalq hüququn “geri göndərməmə” (non-refoulement) prinsipi əsas götürülərək, onun işi üzrə yekun hüquqi qərar qəbul edilənədək deportasiya edilməsi mümkün olmazdı.

Bu səbəbdən sözügedən məsələ emosional yanaşmalar və siyasi simpatiyalar əsasında deyil, qüvvədə olan hüquqi normalar və prosedurlar çərçivəsində dəyərləndirilməlidir”.

Chosen
3
1
cebheinfo.az

2Sources