EN

Ağstafada şagirdlər üçün "Heydər Əliyev Məktəbi" layihəsinə start verilib

Ağstafa, 1 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan növbəti dərslər "Heydər Əliyev və Azərbaycan təhsili", “Heydər Əliyev söz və mətbuat azadlığının təminatçısıdır” mövzularında tədris olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərslərin iştirakçıları Ağstafa şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərin, eləcə də Texniki-humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri olublar.

Şagirdlər mərkəzin əməkdaşlarının müşayiəti ilə ekspozisiya zalında Ümummilli Liderin keçdiyi şərəfli ömür yolu və fəaliyyətini əks etdirən tarixi fotolardan ibarət stendlərlə tanış olublar.

Tarix müəllimləri Mahizər Əliyeva və Şəfəq Heydərli mövzuya dair şagirdlərə geniş məlumat veriblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”,- deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.

“Heydər Əliyev söz və mətbuat azadlığının təminatçısıdır” mövzusunda çıxışda isə qeyd edilib ki, Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərib. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istər ədəbi sahədə, istərsə də mətbuat sahəsində yeni canlanma yaratdı, Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin ana dilimizdə yayımı genişləndirildi.

Mərkəzin kiçik akt zalında Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında film nümayiş olunub.

Chosen
28
2
azertag.az

3Sources