"2026-cı il dövlət büdcəsi ölkəmizin strateji inkişaf yol xəritəsini, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni iqtisadi modelin məntiqi davamını ifadə edir. Büdcə Azərbaycan dövlətinin gücünü, qüdrətini, sabitliyini, dinamik inkişafını, sosial məsuliyyətini və gələcəyə hədəflənmiş siyasətini özündə əks etdirən mühüm sənəddir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, müasir Azərbaycan yüksək intellektual kapital, rəqəmsal iqtisadiyyata malik inkişaf etmiş dövlət kimi formalaşır: “44 günlük Vətən müharibəsindən sonra başlanmış Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesləri, milli iqtisadiyyatın modernləşdirilməsi, enerji təhlükəsizliyinin qlobal miqyasda genişləndirilməsi büdcənin mahiyyətini müəyyən edən əsas prioritetlərdəndir. Layihənin parametrləri Azərbaycanın nəinki regional, hətta beynəlxalq iqtisadi nizamda artıq qərar verən aktora çevrildiyini bir daha təsdiq edir.
2026-cı il büdcəsinin ən mühüm xüsusiyyətlərindən biri də sosial yönümlülüyün daha da gücləndirilməsidir. Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, şəhid ailələri, qazilər üçün təminat mexanizmlərinin genişləndirilməsi dövlətin öz vətəndaşına göstərdiyi qayğının və diqqətin real iqtisadi dayaqlara söykəndiyini nümayiş etdirir".