EN

Politoloq: Minsk Qrupunun bağlanmasının siyasi təsiri böyük deyil

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırıb. 1 dekabr etibarilə bu qurum rəsmi olaraq mövcudluğunu başa vurdu. Bu addım həm Azərbaycanın uzun illər irəli sürdüyü əsas tələblərdən birinin reallaşması, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu siyasi simvolunun tarixin səhifələrindən silinməsi anlamına gəlir".Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.O, bildirib ki, əslində, Minsk Qrupunun bağlanmasının siyasi təsiri böyük deyil:"Çünki qurum uzun illər regionda mövcud olsa da, münaqişənin həlli istiqamətində real nəticələr ortaya qoya bilmədi. Tərəfləri razılaşdıracaq sərt qərarlar, effektiv vasitəçilik və ya prosesə təkan verəcək praktiki addımlar görmək mümkün olmadı. Nəticədə danışıqlar müharibə mərhələsinə keçdi. Müharibədən sonra da qrupun fəaliyyətsizliyi açıq şəkildə görünürdü. Bunun fonunda yeni reallıq yarandı. Azərbaycan və Ermənistan artıq bu formata ehtiyac duymurdu. Tərəflər birbaşa dialoq mexanizmini işə saldılar və qısa zamanda real nəticələr əldə olundu. Hazırda iki ölkənin liderləri müxtəlif beynəlxalq tədbirlərdə bir araya gələrək açıq şəkildə müzakirələr aparırlar".Politoloq bildirib ki, Vaşinqtonda keçirilmiş görüşdə faktiki olaraq sülh sazişi paraflanıb:"Bu isə prosesin üçüncü tərəflərin vasitəçiliyindən daha çox, tərəflərin öz siyasi iradəsi və diplomatik təşəbbüsləri ilə irəlilədiyini göstərir. Minsk Qrupunun bağlanması sülh prosesinə ciddi təsir etmir, çünki danışıqlar onsuz da uzun müddətdir bu qurumdan kənar aparılır. Bu qərar daha çox formal xarakter daşıyır".Onum sözlərinə görə, əsas istiqamət Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar, qarşılıqlı səfərlər və davamlı siyasi ünsiyyətdir:"Mövcud dinamika nəzərə alınarsa, tərəflərin 2026-cı ildə sülh sazişini imzalaması real görünür".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
demokrat.az

1Sources