EN

Əli Kərimlinin həbsi Qərbin Azərbaycana münasibətini dəyişməz - Kremlin “hesabı” yanlışdır...


Ceyhun Məmmədov: “Əli Kərimlinin həbsi Azərbaycan hakimiyyəti ilə Qərb arasında münasibətləri poza bilməz”

Millət vəkili Qüdrət Həsənquliyev mətbuata müsahibəsində belə ehtimal edir ki, Əli Kərimlinin həbsi Azərbaycanın Rusiyanın düşməni olan Qərblə münasibətlərinin yumşaldılmasının qarşısını alacaq.

“Rusiya onu da nəzərə ala bilər ki, Kərimlini həbs etməklə Azərbaycanın Rusiya ilə müharibə vəziyyətində olan Qərb ölkələri ilə münasibətləri yumşaltması çətinləşər. Başqa motivlər də ola bilər” - deyə Q. Həsənquliyev bildirib.

Doğrudanmı, Əli Kərimlinin həbsi Azərbaycan hakimiyyəti ilə Qərbin arasında münasibətlərdə gərginlik yarada bilər?

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında ilk növbədə qeyd etdi ki, son prosesləri təhlil edəndə Əli Kərimli-Ramiz Mehdiyev cütlüyünün ölkəmiz üçün bir sıra problemlər yaratmağa çalışdıqlarını görürük: “Bu problem ondan ibarətdir ki, onların məqsədi olub Azərbaycan dövlətinə qarşı müəyyən planlar və tələlər qurulsun, tədbirlər həyata keçirilsin. Təbiidir ki, bu qruplar yalnız bir ölkəyə, yalnız bir tərəfə deyil, hər tərəfə işləyən qüvvələrdir. Bunların məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycana qarşı müəyyən addımlar atmaqdır. Əli Kərimlinin həbsi Azərbaycan hakimiyyəti ilə Qərb arasında münasibətləri poza bilməz. Azərbaycan bu işləri sırf qanun çərçivəsində, hüquqi əsasla həyata keçirir. Burada hansısa bir probelmdən söhbət gedə bilməz. Azərbaycan hüquqi dövlətdir. Əgər kimsə destruktiv qüvvələri Azərbaycanda dəstəkləyəcəksə qarşısında Azərbaycanı görəcək. Cənab Prezidentin mövqeyi, yanaşması prinsipialdır, qətiyyətlidir, dövlətçilik məsələsində heç kimə güzəşt ola bilməz. Hamı bunu mütləq şəkildə nəzərə almalıdır”.

C.Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti ilə Qərb arasında münasibətlərin gərginləşməsi baş verərsə, onun məsuliyyətini yenə həmin qüvvələr, həmin insanlar daşıyır. Azərbaycanın bu məsələdə heç kəsə güzəşt etmədiyini deyən C.Məmmədov bildirdi ki, ümumiyyətlə, bu ilk dəfə deyil, əvvəlki dövrdə də bəzi destruktiv Qərb qüvvələrinin Azərbaycanda bir sıra qruplara dəstək verməyə çalışdıqlarını görmüşük. “Bu ilk dəfə deyil, bir neçə dəfə baş verən hadisədir. Ona görə də düşünürəm ki, heç kim bunu əsas gətirərək münasibətlərimizin pozulacağı barədə ehtimallar irəli sürməməlidir. Biz bu prosesin qarşısını ciddi bir formada almalıyıq. Çalışmalıyıq ki, sabitliyi, əminamanlığı qoruyaq. Belə məsələlərdə prinspial dövlət mövqeyi və yaşaması olmalıdır. Bunu hər kəs qəbul etməlidir. Azərbaycanın mövqeyinə kimsə təsir göstərə bilməz”-deyə C.Məmmədov vurğuladı.

İradə SARIYEVA

Chosen
59
29
baki-xeber.com

10Sources