EN

Almaniyada federal polisin dronlara qarşı yeni müdafiə bölməsi yaradılıb

Berlin, 2 dekabr, AZƏRTAC

Almaniyanın Federal Daxili İşlər Nazirliyi dron təhdidlərinə qarşı mübarizəni gücləndirmək məqsədilə federal polisin dronlara qarşı müdafiə bölməsini istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, xüsusi hazırlıq keçmiş əməkdaşlardan ibarət bölmə ən müasir texnologiyalarla təchiz olunub. Yeni bölmə dronların aşkarlanması, zərərsizləşdirilməsi və tutulması üzrə operativ tədbirlər həyata keçirəcək. Bu struktur hibrid təhlükələrə qarşı federal səviyyədə böhran idarəçiliyi imkanlarını artırmaqla yanaşı, dəmir yolu, hava və dəniz nəqliyyatı kimi kritik infrastrukturun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək. Yeni bölmənin şəxsi heyətinin sayının tezliklə bir neçə yüzə çatdırılması planlaşdırılır.

Mərasimdə iştirak edən Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt federal polisin yeni dronlara qarşı müdafiə bölməsinin ölkənin hibrid təhdidlərə sürətli, dəqiq və ən yüksək texnologiya ilə cavab verdiyini göstərdiyini bildirib. “Dron təhdidlərinə qarşı aydın prinsipimiz var: aşkarlamaq, qarşısını almaq, tutmaq!”, - deyə nazir qeyd edib.

Nazirliyin məlumatına əsasən, 2025-ci ilin ilk aylarından federal polisin səlahiyyət zonasında yüzlərlə dron hadisəsi qeydə alınıb və onların əksəriyyəti böyük hava limanlarında baş verib. Bu səbəbdən hava limanları ilə yanaşı, ölkə üzrə dron aşkarlama sistemlərinin genişləndirilməsi prioritet elan edilib.

Dronlara qarşı mübarizə sahəsində federal və əyalət qurumlarını birləşdirəcək Birgə Dronlara Qarşı Müdafiə Mərkəzinin və bu istiqamətdə elmi-tədqiqat aparacaq xüsusi mərkəzin yaradılması da yaxın günlərdə nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
34
1
azertag.az

2Sources