Bu il qızıl sıçrayışlar edərək təxminən 4 380 dollara qədər yüksəldi, amma sonra artım dayandı və cüzi geri addımlasa da ciddi eniş baş vermədi. Bunun səbəbi qızılın bahalaşmasını dəstəklyən fundamental faktorların hələ də qüvvədə qalmasıdır. Ona görə də, qızılın məzənnəsi nə kəskin şəkildə geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. Obrazlı desək, o“yatır”, amma “yuxulamayıb” və növbəti mərhələni gözləyir.
Mövcud vəziyyəti belə təsvir emək mümkündür:“mina”lar qurulub, amma yeni qurulan “mina”lar hələ partlamayıb.Söhbətin hansı “mina”lardan getdiyinə nəzər salaq:
1.Çin-ABŞ rəqabəti günü gündən kəskinləşir.
2.Çin və ABŞ-nin Venesuela üzərində təsir savaşı və bu ölkəyə müdaxilə ehtimalı qalır.
3.Qlobal borc böhranı riskləri artır.
Mərkəzi bankların, xüsusilə Çinin, Türkiyənin, Rusiyanın, Hindistanın və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı davam edir.
Dolların qlobal dəyər itirmə riski artır və onun dünya ehtiyat valyutası kimi rolu zəifləyir.
İtaliya Avropa Mərkəzi Bankından öz qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edir. Bu isə Avropada qızıl siyasətinin dəyişməsinə işarədir.
Deməli, qızılı bu səviyyələrə qaldıran səbəb “mina”ların partlaması yox, onların bir-birinə yaxın məsafədə qurulması idi. Yəni risklərin artması artıq qiymətə daxil oliub. Yaxın Şərqdə baş verənlər və Rusiya-Ukrayna müharibəsi isə “mina”ların qurulmasına şərait yaradaraq qızılın hazırkı qiymətində tam əks olunub.
2026-cı ildə bu “mina”lar zərərsizləşdirilsə qızılın məzənnəsində müəyyən eniş ola bilər. Amma heç bir halda qızılın bu ilin əvvəlidəki qiymətinə qədər enəcəyi gözlənilmir.
Əksinə, bu “mina”lardan birinin partlayacağı haldaqızılın qiyməti sürətlə arta bilər. Artımın hara qədər davam etməsi isə hansı “mina”nın və ya “mina”ların partlamasından asılıdır.
Bir sözlə, qızıl bu gün gözləmə mərhələsindədir. “Mina”lar yerindədir, sadəcə hansısa hadisənin onun üzərinə toxunmasını gözləyir. Amma 2026-cı ildə bu “mina”lardan hansısa birinin zərərsizləşdirilməsi və ya partladılması ehtimalı çox aşağıdır. Böyük ehtimalla, 2025-ci ildə olan qeyri-müəyyənlik və geosiyasi xaotiklik 2026-cı ildə də davam edəcək. Üstəlik, ABŞ-nin kəskin xarici siyasəti bu qeyri-müəyyənliyi təkcə 2026-da deyil, böyük ehtimalla 2027-də də davam etdirəcək.
Bu baxımdan, qızıl (zərgərlik yox, investisiya qızılı) yenə də uzunmüddətli sərmayə məqsədləri üçün ən etibarlı investisiya aləti olaraq qalacaq.
Eldəniz Əmirov, iqtisadçı-ekspert
AzVision.az