AZ

Qızıl bazarında yeni proqnozlar - Qiymətlər dəyişəcək?

Dünya qızıl bazarında qiymətlərin formalaşmasına növbəti dövrdə də bir sıra qeyri-müəyyənliklər və qlobal proseslər təsir göstərəcək. Bu təsiredici amillər əsasən siyasi və hərbi gərginliklər, mərkəzi bankların qərarları, dolların məzənnəsinə dair proqnozlar və faiz siyasətləri ilə bağlıdır. Qızıl, xüsusilə qeyri-stabil dövrlərdə riskdən qorunma aləti kimi çıxış etdiyinə görə, bazardakı hər bir gərginlik onun qiymətinə birbaşa təsir edir. Gərginlik artdıqda qiymət yüksəlir, azaldıqda isə müəyyən geri çəkilmələr ola bilər.

Bu barədə iqtisadçı Xalid Kərimli Missiya.Az-a danışıb.

"Qızılın qiymətinin formalaşmasında mərkəzi bankların, xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti böyük rol oynayır. FED-in faiz qərarları həm qızılın rəqib investisiya alətlərinin gəlirliliyini dəyişir, həm də dolların dəyərinə təsir göstərir. Dollar ucuzlaşdıqda qızıl bahalaşır, çünki qızıl bütün dünyada dollarla qiymətləndirilir və bu qayda digər əmtəələr üçün də keçərlidir", deyə o bildirib.

İqtisadçının sözlərinə görə, faiz dərəcələri də qızıl bazarında önəmli faktordur. Qızıl özü faiz gəliri yaratmadığı üçün yüksək faiz dövrlərində investorlar daha çox istiqraz və depozit kimi alətlərə yönəlirlər. Faiz dərəcələri aşağı düşdükdə isə qızıl sahibi olmağın alternativ xərci azalır və qızıl daha cəlbedici investisiya hesab olunur.

"Gələn ilə dair proqnozlar göstərir ki, qızılın qiymətində müəyyən artım ehtimalı mövcuddur. Lakin ötən ildə müşahidə olunan kəskin qiymət sıçrayışları gözlənilmir. Daha çox 5–10% intervalında orta səviyyəli artım proqnozlaşdırılır. Sərt enişlərin baş verəcəyi də ehtimal olunmur. Bununla belə, qızıl bazarında qiymət dəyişiklikləri çoxsaylı faktorların təsiri ilə formalaşdığından proqnozların tam dəqiqliklə gerçəkləşməsi mümkün deyil. Qızıl həmçinin inflyasiyadan qorunma vasitəsi kimi öz əhəmiyyətini qorumaqda davam edir",-Xalid Kərimli əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
25
50
missiya.az

10Mənbələr