EN

Evdən işləmək qanuniləşir: işçi daha çox qazanacaq? - YENİLİKLƏR

Xəbər verdiyimiz kimi, məsafədən (distant) işləmək qanuniləşir. Bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Əmək Məcəlləsinin vəzifələri və prinsiplərinə əlavə olunan yeni - məsafədən (distant) iş anlayışı əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi deməkdir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, "distant" iş məsələsi, xüsusən pandemiya dövründə aktuallaşdı və indi dünyada geniş tətbiq olunmaqdadır:

"Amma bunun qanunvericilik təminatı bizdə mövcud deyil. Baxmayaraq ki, biznes strukturu üçün heç bir problem yoxdur. Məsələn işçiləri işə hansı formada cəlb etsin. Yəni istənilən biznes qurumu günü bu gün də işçiləri məsafədən işlədə bilər. Tutaq ki, o, Amerikada yaşayır, işləyir və məhsullarını göndərir. Əməkhaqqısı isə birbaşa əməkhaqqı kartına köçürülür. Bunun həm biznes üçün, həm işçi üçün əlverişli tərəfləri var.

Biznes üçün əlverişli tərəf ondan ibarətdir ki, məsələn, dəyərli bir kadr hər hansı ölkədə yaşayır və onu bura gətirmək mümkün deyil. Lakin həmin şəxs Azərbaycan vətəndaşıdır, xaricdə yaşayır və onunla məsafədən əmək müqaviləsi bağlamaq olar. Eyni qayda rayonda yaşayan, iş yerinə gələ bilməyən işçilərə də aiddir. Bu, birinci üstünlükdür.

İkinci üstünlük isə bundan ibarətdir ki, şirkətin ofisində, tutalım, 50 işçi varsa və onların bir qismini məsafədən işləməyə yönləndirirsə, bu artıq ofisin ümumi sahəsinin və otaqların sayının azalması deməkdir. Bu isə enerji itkisini, resurslardan istifadəni azaldır. Beləliklə, biznes həm əlavə iş yerinin, stolun, kompüterin, avadanlığın alınmasına, həm də iş otağı və digər resursların təmin olunmasına ehtiyac duymur. Nəticə etibarilə, biznes bu prosesdən qazanmış olur".

542994

İşçinin qazancı nədir?

S.Məmmədov qeyd edib ki, elə işçilər var ki, onların işi konkret iş rejiminə tabe deyil:

"Bu intellektual iş ola bilər, sənədin hazırlanması, müəyyən tapşırıqların icrası və s. Belə işlər üçün iş rejiminə bağlı qalmaq əvəzinə həmin tapşırığı evdən və ya başqa bir məkandan yerinə yetirmək daha rahat olur. Bu halda işçi eyni anda bir neçə yerdə də işləyə bilir, təki işəgötürəni təmin etsin. Biznes üçün maraqlı tərəf odur ki, əgər işçi ofisə gəlsə, ona məsələn, 2 000 manat ödənilməlidirsə, məsafədən işləməyə razı olan şəxs eyni işi daha az əməkhaqqı - məsələn, 1 000 manata görməyə razı olur. Çünki onun başqa yerdə də işi var və ümumi qazancını bu şəkildə formalaşdırır.

Amma burada vacib bir məsələ də var: belə işçilərin əmək mühafizəsi necə təmin olunacaq? Axı işəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır. İşçi istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alarsa, vəfat edərsə və ya peşə xəstəliyinə tutulsa, işəgötürən buna görə məsuliyyət daşıyır və bu məsuliyyət istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta haqqında qanunla tənzimlənir.

Bəs bu vəziyyət məsafədən işləmə halında necə olacaq? İşçi öz evində, öz ofisində və ya avtomobilində çalışarkən hər hansı bədbəxt hadisə baş verərsə, məsuliyyət necə müəyyənləşəcək? Bu zaman sığorta hadisəsi necə qeydə alınacaq? Bu, hələ açıq qalan məsələdir.

Mən bu məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də qaldırmışam. Hazırda bilmirəm ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər bu hissəni də əhatə edir, yoxsa yox. Əhatə edirsə, bu məsələ necə tənzimlənəcək?"

Həmidə İbrahimova

Chosen
54
olke.az

1Sources