EN

Avropa İttifaqı Rusiyanı qara siyahıya salacaq

Aİ Rusiyanı terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulması üzrə “qara siyahı”ya salmağa hazırlaşır...

Brüssel 2026-cı ilə qədər siyahının yenilənəcəyini təsdiqləyib.

Poliqon xəbər verir ki, Politico nəşri öz mənbələrinə və əldə etdiyi sənədə istinadən Avropa İttifaqının Rusiyanı terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində “qara siyahı”ya daxil etmək niyyətində olduğunu yazıb. Bu addım Aİ daxilində uzun müddətdir davam edən müzakirələrin və Ukraynanın təqdim etdiyi sübutların qiymətləndirilməsinin nəticəsi kimi dəyərləndirilir.

Məlumata görə, FATF (Çirkli Pulların Yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrup) Rusiyanın üzvlüyünü Ukraynaya genişmiqyaslı işğalından sonra dayandırsa da, onu “qara siyahı”ya salmağa nail olmamışdı. Ukrayna isə bu illər ərzində Rusiyanın bu kateqoriyaya daxil edilməsi üçün bir sıra əlavə sübut və məlumatlar təqdim edib.

Avropa Parlamenti deputatları dəfələrlə Avropa Komissiyasına müraciət edərək Rusiyanın siyahıya salınmasını tələb ediblər. Komissiya siyahının yenidən nəzərdən keçirilməsinin 2025-ci ilin sonuna qədər başa çatdırılacağına söz verib. Bu istiqamətdə işlərin intensivləşdirildiyi bildirilir.

Hazırda Aİ-nin mövcud sanksiyalar paketi rus şirkətlərinin Avropa maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdırır. Bununla belə, Rusiyanın rəsmi şəkildə “qara siyahı”ya daxil edilməsi Avropa bankları və maliyyə qurumları üçün əlavə öhdəliklər yaradacaq. Belə ki, bu qərar qüvvəyə minərsə, Avropa maliyyə institutları rusiyalı subyektlərin bütün əməliyyatlarına qarşı daha sərt yoxlama prosedurları tətbiq etməli olacaqlar.

Ekspertlərin fikrincə, bu addım Rusiyanın qlobal maliyyə sistemində manevr imkanlarını xeyli daralda və mövcud sanksiyaların effektivliyini artırmış olar.

Poliqon.info

Chosen
104
poliqon.info

1Sources