Gizli hesabat Heqsetin məxfi məlumatları qanunsuz şəxslərlə paylaşdığını və yanlış kommunikasiya protokollarından istifadə etdiyini üzə çıxarıb…
Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqsetin Signal messenceri vasitəsilə apardığı yazışmalar rəsmi araşdırmanın mərkəzinə çevrilib. CNN telekanlının məlumatına görə, bu nəticələr Pentaqonun baş inspektorunun bu həftə Konqresə təqdim etdiyi gizli hesabatda əksini tapıb.
Hesabatda qeyd olunur ki, Heqset gələcək hərbi hücumlarla bağlı məlumatları Signal qrupunda müzakirə etməklə ABŞ hərbçilərini potensial risk altına qoyub. Bundan əlavə, o, məxfi əməliyyat məlumatlarını həmin bilgilərə çıxış hüququ olmayan şəxslərlə bölüşüb və yazışmaları qanunvericiliyin tələb etdiyi kimi saxlamayıb.
Araşdırma nəticəsində həmçinin müəyyən edilib ki, müdafiə naziri ümumiyyətlə hərbi əməliyyatlarla bağlı mesajlaşmalar üçün Signal kimi platformalardan istifadə etməməli idi. Hesabatda vurğulanır ki, yüksək vəzifəli hərbi rəsmilərin təhlükəsizlik və kommunikasiya protokolları üzrə daha ciddi hazırlığa ehtiyacı var.
Qalmaqal mart ayında üzə çıxmışdı: The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberqin yanlışlıqla ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərinin yer aldığı Signal qrupuna əlavə olunması nəticəsində Pentaqon rəhbərinin Yəməndə husilərə qarşı planlaşdırılan hücumları detallı şəkildə müzakirə etdiyi məlum olmuşdu. Hegset həmin vaxt hərbi məlumatların sızdırılmasını inkar etsə də, araşdırma göstərib ki, o, müzakirə etdiyi məlumatları ABŞ Mərkəzi Komandanlığının o dövrdə “gizli” qrifli sənədindən götürüb.
Ekspertlər hesab edirlər ki, bu qalmaqal ABŞ müdafiə strukturlarında kommunikasiya təhlükəsizliyi protokollarının yenidən nəzərdən keçirilməsini aktuallaşdırır və yüksək vəzifəli rəsmilərin davranışına dair ciddi suallar yaradır.
Poliqon.info