EN

Görüşdə konkret nəticə əldə olunmayıb – Trampın qərarı ABŞ-Ukrayna münasibətlərini dəyişəcək

“Donald Trampın xüsusi nümayəndələri Stiff Uitkoff və Cared Kuşner Moskvada səfərdə olublar və 4 saatdan artıq davam edən görüş keçirilib. Bu görüşdə, heç şübhəsiz, Vladimir Putin də iştirak edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə, görüş barədə geniş məlumatın açıqlanmaması tərəflərin qarşılıqlı razılığı ilə bağlıdır:

“Görüşün detallarının müxtəlif məqsədlərlə istifadə oluna biləcəyini nəzərə alaraq belə qərara gəlinib. Lakin əsas sual – görüşün nəticə verib-verməməsi – hazırda beynəlxalq ictimaiyyəti düşündürən məsələdir. Nəticəsiz görüşə işarə edən bir neçə məqam da var. Bunlardan biri Uitkoff və Kuşnerin Brüsselə deyil, birbaşa Vaşinqtona qayıtmalarıdır. Halbuki əvvəlcədən onların Brüsseldə Zelenski ilə görüşəcəyi planlaşdırılırdı. Görünür, səfərdən sonra plan dəyişib və onlar Vaşinqtona dönərək Trampa görüşün nəticəsiz keçdiyi barədə məlumat veriblər.

Digər mühüm məqam isə görüşdə Rusiyanı təmsil edən Yuri Uşakovun açıqlamalarıdır. Onun bir bəyanatında bildirilir ki, 5 saatlıq görüşdə Rusiya–Ukrayna münasibətləri, sülh prosesi və mümkün güzəştlər geniş müzakirə olunub. Lakin növbəti açıqlamasında Uşakov qeyd edib ki, sülh müqaviləsi ilə bağlı konkret nəticə əldə olunmayıb. Biz dəqiq məlumatı yalnız Tramp görüş barədə məlumatlandırıldıqdan sonra açıqlayacağı informasiyalardan öyrənə biləcəyik”.

Politoloq əlavə edib ki, Trampın ABŞ-ın Ukraynanın maliyyələşdirilməsində iştirak etmədiyini bəyan etməsi, Vaşinqtonun Kiyevin silahlandırılmasını dayandırması anlamına gəlir:

“Trampın qərarına əsasən, ABŞ artıq Ukraynanı silah və maliyyə resursları ilə təmin etmir. Bu yük tam şəkildə Avropa İttifaqı və NATO ölkələrinin üzərinə qoyulub. ABŞ isə silahları NATO-ya satır və qurum öz ehtiyacları qədər bu silahları alaraq Ukraynaya ötürə bilər. Lakin ABŞ-ın dəstəyi kəsməsi müharibənin dayanacağı demək deyil. Ehtimal edirəm ki, bundan sonra NATO ölkələri də Ukraynanın silahlandırılmasını məhdudlaşdırmağa doğru addımlar atacaq. ABŞ nümayəndələrinin Moskvaya səfərinin nəticə vermədiyi artıq aydın görünür. İndi isə diqqət Donald Trampın bundan sonra verəcəyi qərarlara yönəlib”.

// Gülnarə Abasova, Editor.az

Chosen
76
10
editor.az

10Sources