EN

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Paytaxtda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib.

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan forumdan əvvəl mətbuat konfransı olub.

Konfrans zamanı çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, "Azərbaycan Könüllülük Həftəsi 2025"in davam edəcəyi 10 gün ərzində 10 layihənin həyata keçiriləcək. Qurum rəsmisi onu da qeyd edib ki, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi hər il olduğu kimi bu il də təşkil olunacaq. Düşərgədə Türkiyə və Mərkəzi Asiya dövlətlərindən olan könüllülərin də iştirakı planlaşdırılır.

Mətbuat konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin Könüllülərlə iş sektorunun müdiri Böyükxanım Babayeva isə qeyd edib ki, könülülük "ASAN xidmət"lə başlasa da, digər dövlət qurumlarında da davam etdirilir:

"Ölkəmizdə könüllülük fəaliyyəti geniş vüsət alıb. Hazırda sadəcə "ASAN xidmət"də yox həm də digər qurum və təşkilatlarda da könüllük fəaliyyəti davam etdirilir. Bu həftədə keçiriləcək tədbirlər gənclərə böyük fayda verəcək .Gənclərimiz mədəniyyətləri və bacarıqları ilə könüllük modeli yaradıblar".

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev jurnalistlərə müsahibəsində könüllülük təşəbbüsünün hazırda 32 dövlət qurumunda mövcud olduğunu və növbəti il üçün bunun 36-ya çatdırılması planlaşdırıldığını bildirib.

Media və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutan konfransdan sonra Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu öz işinə başlayıb. Forum Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.

Əvvəl "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il hesabatı" video-çarxı nümayiş etdirilib. Daha sonra ilin aktiv könüllüləri və "İlin Könüllüsü" mükafatına layiq görülüblər.

Onlardan biri Şirin İsmayılzadədir. O könüllülüyün cəmiyyətə töhvə verdiyini vurğulayıb:

"Mən İnnovasiya Könüllüləri İctimai birliyinin könüllüsüyəm. "İlin Könüllüsü" mükafatına layiq görülmüşəm. Artıq iki ildir ki, könüllü kimi fəaliyyət göstərirəm. 2024-cü ildə COP29 tədbirində könüllü olmuşam. Bu hiss çox gözəldir. Hər bir könüllü də öz fəaliyyətinin dəyərinin hiss etməlidir. Könüllü olub cəmiyyətə töhvə verəndə hiss edirsən müəyyən dəyərə sahibsən".

"İlin Könüllüsü" mükafatına layiq görülən digər könüllü Ələddin Qənbərzadə isə 3 ildir könüllülük fəaliyyəti ilə məşğuldur. O saytımıza açıqlamasında bildirib ki, könüllülük daxildən gələn hissdir və sosial nominasiya üzrə mükafata layiq görülüb:

"Mən 2022-ci ildən ASAN könüllüsü kimi fəaliyyət göstərirəm. Son iki ildir isə ASAN könüllülük təşkilatında kiçik mütəxəssis kimi fəaliyyətimi davam etdirirəm. "İlin Könüllüsü" mükafatına layiq görüldüyüm üçün sevinirəm. Könüllü olmaq insan daxilindən gələn hissdir. Bu gün burada sosial nominasiya üzrə qalib seçilmişəm və o mükafatı alacağam".

Forum çərçivəsində master-klaslar, təlimlər, komanda oyunları, idman yarışları keçirilib. Burada müxtəlif dövlət qurumlarına aid stendlərdən ibarət sərgillər də təşkil edilib.

SOCAR, "ASAN Xidmət", Ədliyyə Nazirliyi dövlət kimi dövlət qurumlarının könüllüləri öz stendlərini ziyarətçilərə təqdim ediblər.

Onu da bildirək ki, hazırda Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülər Mərkəzinə sədrliyi həyata keçirir. Növbəti mərhələdə sədrliyin Qazaxıstana və Qırğızıstana təhvil verilməsi planlaşdırılır. "Azərbaycan Könüllülük Həftəsi" dekabrın 17-dək davam edəcək.

Chosen
31
far.az

1Sources