EN

“Qaçqınkom” faciəvi yanğınla bağlı məlumat yaydı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.

NOCOMMENT.az həmin məlumatı təqdim edir:

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci  mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər. Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbirstanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür. Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Chosen
16
28
nocomment.az

10Sources