EN

Azərbaycanın dörd “rekordçu” deputatı - Onları siz də TANIYIN

Sabah Azərbaycan parlamentinin yaradılmasının 107-ci ili tamam olur. Bu tarix ölkənin siyasi yaddaşında müxtəlif hadisələrlə yadda qalıb. Milli Məclisin tarixi, sözün bütün mənalarında, Azərbaycan xalqının yaşadığı dönüş nöqtələrinin təqvimidir.

Parlamentin institut kimi formalaşması, onun müstəqillik dövründə qazandığı status bu gün də əhəmiyyətini qoruyur.

Müsəlman Şərqində ilk parlamentin məhz Azərbaycanda fəaliyyətə başlaması milli siyasi mədəniyyətin göstəricisi kimi dəyərləndirilir.

107 illik bu yolun 35 ilinə isə eyni mandatla davam edən nadir şəxslər var. Onlar indi də deputatdılar.

Modern.az xəbər verir ki, müstəqillik dövründə keçirilmiş yeddi çağırış parlamentin hamısında deputat seçilən dörd siyasətçi Eldar İbrahimov, Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılovun adları siyasi tarix faktında öz yerini tapıb.

Onlar Azərbaycanın müstəqilliyin ilk illəri, inkişaf və postmüharibə dövrünün parlament tribunasında təmsil olunan yeganə simalardır. Şübhəsiz ki, 35 illik mandat siyasi etimad və tarixi məsuliyyət deməkdir.

Bu dörd deputat müxtəlif dövrlərdə fərqli spikerlərlə işləyib. Ancaq onlardan heç biri “spikerlərin dövrünü necə dəyərləndirərdiniz?” sualımıza cavab vermir. Halbuki onların yaddaşında kifayət qədər fakt, situasiya və siyasi çalar var.

Onlar Elmira Qafarovanın dönəmində SSRİ-dən tam çıxışın başlamasını, Yaqub Məmmədovun dövründə dövlətin hakimiyyətsiz qaldığı kritik epizodları, İsa Qəmbər dönəmində müstəqilliyin ilk siyasi konturlarının çəkilməsini, Heydər Əliyevin spikerlik müddətində dövlətçilik kursunun təsbitini, Rəsul Quliyev dövründə iqtisadi sabitliyə keçidin çətinliklərini, Murtuz Ələsgərovun vaxtında parlamentin konstitusion quruculuğu, Oqtay Əsədovun 15 illik spikerlik marafonunu, Sahibə Qafarovanın vaxtında isə müharibə sonrası mərhələdə yeni reallığın təsbitini canlı yaşadırlar.

Deputatlar qapalı iclasların emosiyasını, çıxılmaz vəziyyətlərin həlli yollarını görən canlı şahidlərdir. Adıçəkilən şəxslər tribunada qələbə nitqləri də, məğlubiyyət sükutları yaşayıblar.

Onlar Azərbaycanın BMT-yə üzv olunduğu günü də xatırlayırlar. 2003 seçkiləri və sistem dəyişikliyinin rəhbərlik transformasiyasını, 2016 aprel döyüşlərindən sonra parlament debatlarını, 2020-ci il Zəfərindən sonrakı geosiyasi durumu görüblər.

Bu dörd nəfər 90-cı illərin çörək növbələrini, bugünkü investisiya forumlarını eyni pəncərədən seyr edib.

Onlar parlamenti tərk etmədən Azərbaycanın üç dövlət bayrağı mərhələsinin, SSRİ bayrağı altında iclas, müstəqillik bayrağı altında ümid, Zəfər bayrağı altında yeni reallıqların şahidi olublar.

Bu şəxslər tarixi fiqurlardır. Sual odur ki, bəs, biz onları necə tarixiləşdirək?

Biz tarixə yalnız hadisələri yazmamalıyıq. Çünki proses faktlarladan çox şahidlərlə tamamlanır. Onlar danışmasa bu tarix natamam qalacaq. Çünki elə məqamlar var ki, protokolda, bəzi epizodlar səs yazısında yoxdur. Amma bütün bunları tarixə çevirməyə onların yaddaşı var.

Parlament yalnız qanunvericilik platforması kimi dəyərləndirilmir. Parlament həm yaddaş, həm arxiv, həm də təcrübədir.

35 il davam edən mandat isə tarixi davamlılıq deməkdir. Bu davamlılığı 107 illik parlament tarixinin mühüm açarlarından biri də hesab etmək olar.

Azərbaycanın parlament salnaməsində “dörd mandat rekordu”, bəlkə də, gələcək araşdırmaların mühüm mövzularından olacaq.

Tarix yazılırsa, onu görənlərin dili ilə yazmaq daha inandırıcı, daha emosional, daha maraqlıdır. Çünki parlament binası daş, deputat isə yaddaşdır. Tarix isə məhz bu yaddaş üzərində formalaşır.




Chosen
15
3
azia.az

4Sources