EN

İrəvanda qondarma rejimin əski parçası qaldırıldı – Revanşistlərin təxribatı sülhə zərbədir – VİDEO

İrəvanda bir qrup revanşist dairə ləğv edilmiş qondarma rejimin əski parçasını küçələrdə dalğalandırıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər radikal qrupların hələ də sülh prosesinə qarşı çıxdığını, məğlubiyyət sindromundan qurtula bilmədiyini göstərib. Hadisə Azərbaycana qarşı təxribat xarakteri daşıyır və bölgədəki sabitlik mühitinə açıq-aşkar zərbə kimi qiymətləndirilir.

Bizə görə, əgər Paşinyan hökuməti həqiqətən də sülh prosesinə sadiqdirsə, bu cür addımlara imkan verənləri dərhal məsuliyyətə cəlb etməli, qanunvericilik çərçivəsində sərt reaksiya göstərməlidir. Qondarma, artıq tarixin zibilliyinə atılmış separatçı rejimin simvollarının İrəvanda nümayiş etdirilməsi yalnız siyasi xəyanət deyil, həm də cinayət tərkibli hərəkət kimi dəyərləndirilə bilər.

Azərbaycan üçün sülhün əsas şərtlərindən biri aydındır: Qarabağda azərbaycanlılara qarşı cinayətlərə imza atan Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan kimi Xocalı qətliamının və işğal siyasətinin memarları ya Azərbaycana təhvil verilməli, ya da Ermənistanda ədalət qarşısında cavab verməlidirlər. Cinayətkar keçmişin bayrağını dalğalandırmaq isə sülh deyil, revanşizmi bəsləyən mesajdır.

Azərbaycan xalqı işğalın gətirdiyi dağıntını, qırğınları, qətliamları unutmur. Ermənistan sülh istəyirsə, ilk növbədə bu kimi təxribatların qarşısını almalı, qondarma rejimin təbliğatçılarını və ərazi iddiası ilə çıxış edənləri hüquqi müstəvidə ciddi şəkildə cəzalandırmalıdır.

Regionda davamlı sülhün yolu revanşizmin bitməsindən keçir. Revanşist rəmzlərin İrəvan küçələrində sərbəst dalğalanması isə bu istiqamətdə vəziyyətin hələ də təhlükəli olduğunu bir daha göstərir.

Chosen
55
editor.az

1Sources