Prezidentliyə eks namizəd Fuad Əliyev azreform.info-ya müsahibə verib.
– Fuad bəy, siz illərdir bildirirsiniz ki, Ramiz Mehdiyev milli kadrların irəli çəkilməsində əsas maneələrdən biri olub. Buna dair şəxsi faktlarınız varmı?
- Bəli, bu mənim üçün sadəcə siyasi mövqe deyil, bir ailə tarixidir. Çünki Ramiz Mehdiyevin milli kadrlara qarşı münasibəti birbaşa bizim ailəmizin taleyinə toxunub. Azərbaycanın sənaye tarixində xüsusi yeri olan Ağası Əliyev, sovet dövründə bir neçə iri zavoda rəhbərlik edib və hansı müəssisəyə getsə, ora SSRİ miqyasında qabaqcıl göstəricilərə çıxıb.
Atam Azərbaycan Sənaye İnstitutunun ilk qırmızı diplomlu azərbaycanlı məzunu idi – o vaxt üçün bu, çox böyük hadisə idi. O, savadı və təşkilatçılığı ilə SSRİ-nin nüfuzlu sənaye rəhbərlərindən biri kimi tanınırdı.
– Bəs Ramiz Mehdiyevin bu yolda maneə rolu nədən ibarət idi?
- O illərdə Ramiz Mehdiyev müxtəlif vəzifələrdə olsa da, ortaq xətti dəyişmirdi – milli kadrlara soyuq və qərəzli münasibət. Atamın uğurlarını kölgəyə salmaq və onun irəliləməsini ləngitmək üçün müxtəlif addımlar atırdı. Məqsəd aydındı: azərbaycanlı kadrların yüksəlişinə əngəl yaratmaq.
Amma məsələ Heydər Əliyevə çatanda hər şey dəyişdi. Heydər Əliyev məsələni araşdırdı və – açıq desək – Ramiz Mehdiyevi öz yerində oturtdu. Hətta atamı iki dəfə şəxsi heyəti ilə birlikdə SSKP Qurultayına aparmışdı. Qurultaylardan birində Heydər Əliyev çıxış edərək atamı bir nümünə kimi göstərdi:
“Bax, işləmək belə lazımdır, Ağasi Əliyev kimi”.
Bu isə təbii ki, Ramiz Mehdiyevin qərəzini daha da artırdı.
– Müstəqillik dövründə münasibət dəyişdimi?
-Təəssüf ki, yox. Atam pensiyada olsa da, dörd iri zavodun rəhbərləri və AMEA əməkdaşları Prezident Heydər Əliyevə müraciət edərək ona prezident təqaüdü verilməsini xahiş etmişdilər. Müraciət bir neçə dəfə göndərilmişdi.
Amma sənədlər Prezidentə çatmırdı. Çünki onları süzgəcdən keçirən – o dövrdə Administrasiyaya rəhbərlik edən – Ramiz Mehdiyev idi. Şəxsi qərəz səbəbindən bu müraciətlər kabinetdən kənara çıxmırdı.
Bu artıq sadəcə atama yox, ümumilikdə milli kadrlara qarşı münasibətin göstəricisi idi.
– Sizin siyasi fəaliyyətiniz dövründə də bu tendensiya davam etmişdimi?
-Bəli. İlham Əliyevin dövründə də Ramiz Mehdiyev köhnə metodlarından əl çəkmirdi. Mənim fəaliyyətimi gözdən salmaq üçün nəzarətində olan media və “idarə etdiyi” psevdo-müxalifət – o cümlədən Əli Kərimli – vasitəsilə çirkli kampaniyalar aparılırdı.
Bu təsadüfi deyildi. Atama qarşı illərlə yığılan şəxsi qərəz, sadəcə olaraq, mənim üzərimə transfer olunmuşdu.
– Bu fəaliyyətin dövlət idarəçiliyi baxımından nəticələri nələr idi?
-Bunu da açıq demək lazımdır: Ramiz Mehdiyevin fəaliyyəti təkcə milli kadrlara qarşı qərəzlə məhdudlaşmırdı. Onun illərlə qurduğu idarəçilik modeli hakimiyyətin nüfuzuna zərbə vurur, dövlət idarəçiliyinin zəifləməsinə, intriqaların və korrupsiyanın çiçəklənməsinə şərait yaradırdı.
O, savadlı və bacarıqlı kadrları əngəlləməklə dövlət strukturlarında peşəkarlığın yox, şəxsi sədaqətin meyar kimi formalaşmasına çalışırdı. Bu isə nəticədə həm idarəçiliyi iflic edir, həm də korrupsiyanın genişlənməsi üçün münbit şərait yaradırdı.
Əslində bu yanaşma, açığı, hakimiyyətin içəridən nüfuzdan salınmasına xidmət edirdi.
– Bu mövzunu indi gündəmə gətirmək niyə vacibdir?
-Çünki bu gün Azərbaycan islahatlar mərhələsindədir. Sağlam dövlət idarəçiliyi, milli kadrlara ədalətli yanaşma və şəffaflıq bizim gələcəyimiz üçün həyati əhəmiyyət kəsb edir. Ölkəyə mane olan şəxslərin fəaliyyəti unudulmamalıdır ki, səhvlər təkrarlanmasın.
Mən bunu şəxsi tarix kimi yox, milli kadr siyasətində baş vermiş problemlərin canlı nümunəsi kimi dilə gətirirəm.