EN

“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilir

Bakı, 8 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak edirlər.

“Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə icra olunduğu bildirilib. Layihə yeni biznes subyektlərinin yaradılması baxımından da əhəmiyyətlidir.

2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə indiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsinin 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində rəsmi şəxslərin və layihə iştirakçılarının çıxışları, “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına dair videoçarxın nümayiş olunması və şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionunun keçirilməsi nəzərdə tutulur.

Chosen
43
12
azertag.az

10Sources