Son günlər İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yumşaldığı barədə fikirləri gücləndirib. Bu fonda Azərbaycan–İran quru sərhədlərinin açılması ilə bağlı suallar da yenidən gündəmə gəlib. Maraqlıdır, İran və Azərbaycan arasında quru sərhədlər açıla bilərmi?
Mövzuya siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında münasibət bildirib.
Ekspertin sözlərinə görə, qarşılıqlı səfərlərin intensivləşməsi və son illərdə yaşanan gərginliyin azalması müsbət haldır. O, qeyd edib ki, İran nümayəndəsinin Bakıya səfəri də münasibətlərin normallaşmasına xidmət edən addım kimi dəyərləndirilə bilər.
Lakin Cavanşir Abbaslı hesab edir ki, bu, quru sərhədlərin açılacağı anlamına gəlmir:
“Azərbaycanın İranla quru sərhədləri pandemiya səbəbilə bağlanıb. Böyük ehtimalla karantin rejiminin müddəti yenidən uzadılacaq. Ən azı aprelin 1-dək sərhədlərin açılması gözlənilmir. Bu isə o deməkdir ki, yaxın perspektivdə sərhədlərin açılması mümkün görünmür.”
Siyasi şərhçi vurğulayıb ki, hazırkı siyasi kurs və təhlükəsizlik yanaşmaları da sərhədlərin yaxın zamanda açılacağı ehtimalını zəiflədir:
“Ümumilikdə, gələn il ərzində də quru sərhədlərin açılması gözlənilmir. Azərbaycanın yürüdüyü siyasət buna əsas verir.”
Beləliklə, mütəxəssis hesab edir ki, münasibətlərdə müsbət dinamika artsa da, Azərbaycan–İran quru sərhədlərinin açılması yaxın dövr üçün real görünmür.
Müşviq Tofiqoğlu
KONKRET.az