EN

Minsk qrupunun ləğvi Azərbaycan üçün fundamental strateji üstünlüklər yaradan mühüm hadisədir - Politoloq rəyi

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanın milli maraqları, həmçinin regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda ATƏT-in Minsk qrupunun ləğvi mühüm və tarixi əhəmiyyətə malik qərardır. 1992-ci ildə təsis olunan Minsk qrupu faktiki olaraq Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış olsa da, 30 ilə yaxın davam edən müddət ərzində münaqişənin ədalətli şəkildə həllinə yönəlmiş heç bir real və nəticəyönümlü addım atılmadı. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində birbaşa Ermənistan dövlətinin himayəsi ilə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Minsk qrupu bu sənədlərin icrası üçün effektiv mexanizm formalaşdırmadı, vasitəçilik missiyası isə formal xarakter daşıyan və status-kvonu dəyişməz saxlayan fəaliyyətlə məhdudlaşdı.

Bu isə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış suveren haqlarının bərpası nöqteyi-nəzərindən ciddi maneələr yaratmışdı. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl, prinsipial və məqsədyönlü siyasəti, eləcə də ölkəmizin hərbi-strateji gücünün möhkəmləndirilməsi üçün atdığı addımlar milli maraqlarımızın təmin olunmasında həlledici rol oynadı. Vətən müharibəsində əldə edilən Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yeni hərbi-siyasi balansın yaranması Minsk qrupunun fəaliyyətsizliyini bir daha açıq şəkildə ortaya qoyan mühüm hadisə oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Minsk qrupunun fəaliyyətinin məqsədəuyğunluğu beynəlxalq ictimaiyyət tərəfindən də sual altına alınmağa başlandı. Məhz, bu nöqteyi-nəzərdən yanaşdıqda deyə bilərik ki, Minsk qrupunun ləğvi Azərbaycan üçün fundamental strateji üstünlüklər yaradan mühüm hadisədir. İlk növbədə, regionda sülh və təhlükəsizlik təşəbbüslərinin məhz, milli maraqlarımıza uyğun şəkildə formalaşdırılması üçün yeni imkanlar yarandı. Azərbaycan artıq münaqişədən sonrakı dövrdə sülh quruculuğunu birbaşa tərəflərlə dialoq və regional əməkdaşlıq platformaları üzərindən həyata keçirmək imkanına malikdir. Eyni zamanda, bu qərar ölkəmizin beynəlxalq arenada haqlı mövqeyinin daha aydın şəkildə görünməsinə və Azərbaycanın konstruktiv diplomatiya xəttinin güclənməsinə xidmət etdi. Minsk qrupunun tarixə qovuşması isə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına real impuls verdi.

"Azərbaycanın təşəbbüsləri və regionda artan geosiyasi çəkisi fonunda yeni kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi layihəsinin gündəmə gəlməsi ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu layihələr vasitəsilə regional nəqliyyat-logistika zəncirində əsas tranzit mərkəzə çevrilib. Eyni zamanda, regionda iqtisadi inteqrasiyanın genişlənməsi, sülhün möhkəmləndirilməsi və dayanıqlı inkişafın təşviqi məhz, Azərbaycanın ardıcıl siyasəti ilə birbaşa bağlıdır.

Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun ləğv edilməsi yalnız formal institutun fəaliyyətinin dayandırılması deyil, həm də postmünaqişə dövrü üçün yeni mərhələnin açılması deməkdir. Bu addım Azərbaycanın milli maraqlarının daha effektiv şəkildə müdafiə olunmasına, eləcə də diplomatik və hərbi-strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın qətiyyətli siyasəti, regional liderliyi və sülhsevər mövqeyi Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün etibarlı əsas formalaşdırır", - deyə A.Qurbanova əlavə edib.

Chosen
45
azertag.az

1Sources